Kanadanın Makqil Universiteti və “HRL Laboratories”in alimləri insanın öyrənmə qabiliyyətini artıran qurğu hazırlayıblar. O, beyinin elektrostimulyatorundan ibarətdir. Layihə ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) tərəfindən maliyyələşdirilir.
hi-news.ru saytının məlumatına görə, cihaz beyinin böyük yarımkürələrinin ön qabığını stimullaşdıran sabit cərəyandan istifadə edir. O, məlum olduğu kimi, yaddaş, diqqət və qərarların qəbul olunması kimi koqnitiv funksiyaları yerinə yetirir. Alimlərin sözlərinə görə, qurğunun tətbiqi beyinin müxtəlif hissələri arasındakı əlaqələri yaxşılaşdırır ki, bu da daha sürətlə öyrənməyə imkan yaradır. Dəbilqənin elektrodları cərrahi müdaxilə olmadan başa bərkidilir.
Qeyd edək ki, cihaz artıq primatlarda sınaqdan keçirilib. Alimlər bu metodun gələcəkdə beyinin öyrənməyə imkan verən zonalarının stimulyasiyası üçün istifadə ediləcəyinə ümid edirlər.