Məlumdur ki, AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir. AzScienceNet-in Data Mərkəzində hesablama işlərini həyata keçirən və böyük həcmli yaddaş resurslarını təklif edən virtual maşınlar yaradılmışdır ki, bu da elmi müəssisələrdə aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələləri qısa vaxt ərzində həll etmək imkanı yaradır.
Bu yaxınlarda AMEA Zoologiya İnstitutuna AzScienceNet şəbəkəsinin virtual maşınlarından istifadə hüququ verilib. Bu maşınlar əlavə hesablama resursları təqdim edərək institutda populyasiya modellərinin riyazi modelləşdirilməsi üçün kosmik şəkilləri təhlil etməyə və nəticədə, müxtəlif populyasiyalar üçün hansı ərazilərin əlverişli olduğunu müəyyənləşdirməyə imkan verəcək.