İnformasiya Texnologiyaları İnstitutunda illik hesabat iclaslarına start verilib 2014-11-28 16:47:49 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara start verilib. İclaslarda hər bir şöbə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verir.  Hesabatlar ətrafında geniş müzakirələr aparılır, irad, rəy və təkliflər səsləndirilir. 

 

Hesabat iclaslarını açıq elan edən institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, şöbələrin fəaliyyətinin  daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından bu iclasların keçirilməsi böyük önəm daşıyır.

 

R.Əliquliyev elmi məqalələrin beynəlxalq elmi-informasiya məkanında əksini tapması, o cümlədən elmi jurnalların bu bazalarda indeksləşən dərgilər sırasına daxil edilməsinin Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Alim mühüm elmi problemlərin araşdırılması, mütəmadi olaraq aktual məsələlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

 

Tədbirdə, həmçinin Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, cari ilin dekabr ayı üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024