Blokçeyn texnologiyası istifadəçilərə öz fərdi məlumatlarına çıxışı təmin etməyə və bundan gəlir əldə etməyə imkan verir. Belə məlumatlar, hətta insanın genomunda saxlanılan informasiya ola bilər. O, rəqəmsal dövrdə böyük dəyərə malik olacaq. 2010-cu ildə genetik məlumatların dəyəri təxminən 5,9 milyard dollar təşkil edirdisə, 2020-ci ilədək bu rəqəm 60 milyarda qədər artacaq. Bu, genetik test, genetik skrininq və diaqnostika sahəsində texnologiyaların sürətli inkişafı ilə izah olunur.
Genetik informasiyanın saxlanılması və istifadəsi ilə bağlı əsas problem müvafiq təhlükəsizlik tədbirlərinin görülməməsidir. Yalnız böyük “oyunçu”lar onların toxunulmazlığını təmin edə bilərlər. Buna görə də hazırda əczaçılıq şirkətləri, elmi-tədqiqat institutları və hökumət təşkilatları faktiki olaraq, fərdi məlumatlardan istifadə sahəsində inhisarçı mövqe yaradıblar. Hər bir şəxsin ayrılmaz mülkiyyəti olan genetik informasiya üçüncü tərəflərdə saxlanılır və naməlum məqsədlər üçün istifadə olunur.
nanonewsnet.ru saytının məlumatına görə, “Zenome” startapı insanlara blokçeyn texnologiyasının köməyilə genomunu şifrələməyi və öz genetik informasiyası üzərində hərtərəfli nəzarəti geri almağı təklif edir. Eyni zamanda, alimlərə və əczaçılıq şirkətlərinə tədqiqat aparmaq üçün genomun ayrı-ayrı hissələrini verməklə gəlir əldə etmək mümkün olacaq. Beləliklə, öz genetik məlumatlarını monetizasiya edəcək adi insanlar, həm də tədqiqat üçün genomun nadir nümunələrinə ehtiyacı olan alimlər qazanacaqlar.
“Zenome” platforması, həmçinin genetik tədqiqat məlumatlarının təhlükəsiz saxlanılması üçün şəbəkəni təmin edə bilər. Dünya alimləri insan genomunun milyonlarla nümunəsinə çıxış əldə edəcəklər. Bu zaman informasiya məxfilik parametrləri ilə etibarlı gizlədiləcək. Bundan başqa, yeni platformanın köməyilə şəbəkənin digər istifadəçilərinə çıxış vermədən konkret alıcı-laboratoriya ilə öz genetik məlumatlarını mübadilə etmək mümkün olacaq.
Genom sıralamasının xərclərinin azaldılması avadanlıq istehsalçılarının deyil, böyük verilənləri təhlil edən startapların əsas rol oynadığı bu sahəyə daha çox investor cəlb edir. “CBInsights” analitik şirkətinin məlumatına əsasən, 2017-ci ildə bu kimi şirkətlər vençur fondlarından 3 milyard dollar alacaq.