ABŞ-ın Pitsburq Universitetinin alimləri insanın üz ifadələrində baş verən kiçik dəyişiklikləri aşkar edərək onun hiss etdiyi ağrının həqiqiliyini qiymətləndirən sistem hazırlayıblar. Bu sistem həkimlərə pasiyentlərə lazımsız ağrıkəsicilər təyin etmədən onlar üçün düzgün müalicəni müəyyən etməyə kömək edə bilər.
“İnsanlar ağrını müxtəlif cür hiss və ifadə edirlər ki, bu da həkimlər üçün pasiyentlərin nə dərəcədə əzab çəkdiyini qiymətləndirməyi çətinləşdirir. Belə ki, yalnız pasiyentlərin sözləri əsasında ağrı haqqında nəticə çıxarmaq olar. Bizim yaratdığımız sistem əsl ağrı ilə saxta ağrının fərqləndirilməsi üçün faydalı ola bilər”, – deyə həkim Cefri Kon bildirib.
aiportal.ru saytının məlumatına görə, mütəxəssislər kompüterə əsl ağrı ilə saxta ağrını ayırd etməyi insanların ağrıdan qıvrılmasını əks etdirən videoçarxların köməyilə “öyrədiblər”. Tədqiqatçılar bildiriblər ki, sistem bütün həkimlərin istifadə edə biləcəyi smartfon üçün proqram kimi əlçatan olacaq.