Dünyanın inkişaf etmiş ölkələrinin sakinlərinin əksəriyyəti 3D-çap termini ilə tanışdır. 2,5D-çap texnologiyası isə bu sahədə yenilik hesab edilə bilər. 3-6 oktyabr tarixlərində keçirilən Beynəlxalq “Ceatec Japan” qabaqcıl texnologiyalar sərgisində Yaponiyanın “Casio” şirkəti “Mofrel” çap texnologiyasına əsaslanan printerini təqdim edib. Bu texnologiya xüsusi olaraq hazırlanmış səthlərə müxtəlif teksturlar verir, sonda onları 16 milyon rəng çaları ilə boyayır.
techcult.ru saytının məlumatına görə, yeni printerin hədəf auditoriyası dizaynerlərdir. “Mofrel” texnologiyası onlara xüsusi “rəqəmsal vərəqlərdə” parça, ağac, daş və keramikanın teksturlarını təqlid etmək imkanı verəcək. Onlar zahirən adi kağız vərəqlərinə bənzəsələr də, tərkibində karbohidrogen və akrilonitril olan mikrotoz qatını özündə ehtiva edirlər.
Vərəq printerin istiliyinin təsiri altında dizaynerə lazım olan təsvir alınana qədər xarici teksturunu dəyişərək genişlənir. Bundan sonra istilik mənbəyi sönür, təsvir isə qalır. Teksturun formalaşmasına daha yaxşı nəzarət etmək üçün naxış əvvəlcə karbon mikroörtüyü şəklində vərəqin səthində çap edilir. Sonra karbon hissəcikləri infraqırmızı şüalanmanın təsiri altında istiliyi tozun mikroqatının lazımi hissələrinə fokuslayır. Bütün proses 3-5 dəqiqə davam edir.
Şirkət nümayəndələri ümid edirlər ki, 2,5D-çap texnologiyası müxtəlif teksturlara malik qeyri-adi təsvirlərin smartfonların korpuslarına çəkilməsi üçün smartfon istehsalçıları tərəfindən tələb ediləcək. Yaxın zamanlarda adi istehlakçılar üçün də əlçatan olan versiya istehsal ediləcək. “Casio” 2,5D sənaye printerinin qiyməti 44000 dollar təşkil edir.