“I'm Back” adlı qurğu fotolentdən qurtulmağa və köhnə fotokameraya Wi-Fi, video çəkilişi və xarici monitor əlavə etməyə imkan verəcək.
hi-tech.mail.ru saytının məlumatına görə, yeni qurğunu istənilən lentli 35 mm fotokameraya qoşmaq olar, bunun üçün 1950-1990-cı illərin istənilən modeli uyğun gəlir. Qurğu fotokamerada lent üçün nəzərdə tutulmuş yerə taxılır və kameranın göstəricilərini əhəmiyyətli dərəcədə artırır. Qurğunun özündə 16 meqapiksel təsvir ölçüsünə malik rəqəmsal CMOS-sensor və “Panasonic” şirkətinin optik qurğusu var ki, bunlar da fotolent sistemini əvəz etməyə imkan verir.
Təsviri “Raspberry Pi Zero” yığcam çipi emal edir. “I'm Back” qurğusunun qoşulduğu köhnə fotokamera 2880x2160 piksel təsvir ölçüsünə malik JPG formatında foto və MP4 formatında video çəkə biləcək. O, həmçinin məlumatları Wi-Fi vasitəsilə göndərə və smartfonları xarici monitor kimi qoşa biləcək. Fayllar microSD kartında saxlanılacaq. Qurğunun istehsalçısı fotokameranın funksiyalarının idarə edilməsi və rejimlərin quraşdırılması üçün sadə əməliyyat sistemi də hazırlayıb.
Qiyməti 126 avro təşkil edən “I'm Back” dəstinin ilkin sifarişləri “Kickstarter” platformasında qəbul edilir. Onların 2018-ci ilin mayında çatdırılması planlaşdırılır.