Sentyabrın 29-da AMEA-nın Əsas binasında dünya şöhrətli alim, professor Lütfi Zadə ilə vida mərasimi keçirilib.
Qeyd edək ki, Lütfi Zadənin nəşi Bakıya bu gün səhər saatlarında gətirilib. Heydər Əliyev məscidində cənazə namazı qılındıqdan sonra alimin nəşi vida mərasimi üçün AMEA-ya aparılıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhumun yaxın qohumu, Xalq artisti, professor Cənnət Səlimovaya dərin hüznlə başsağlığı verib.
Vida mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətlərinin inkişaf etdiyini bildirib. AMEA rəhbəri bu gün də bir sıra araşdırma mərkəzlərinin idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq etdiyini qeyd edib: “Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. Lütfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyəti üçün böyük itkidir”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Lütfi Zadənin son arzusu Azərbaycanda dəfn edilmək idi, bu, onun ölkəmizə, vətəninə sevgisini göstərir: “Nizami Gəncəvi, Nəsirəddin Tusi, Xətib Təbrizi, Memar Əcəmi kimi Azərbaycan tarixinə adlarını yazmış görkəmli şəxsiyyətlər sırasında dünya elminə verdiyi töhfələrlə tanınan Lütfi Zadənin də adı elmimizdə xüsusi yer alacaqdır”.
Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edib. Alim Lütfi Zadənin nəzəriyyələrinin hazırda energetika, nəqliyyat, aviasiya və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunduğunu, intellektuallaşdırılan bütün istiqamətlərdə onun nəzəriyyələrindən istifadə edildiyini söyləyib: “Bu nəzəriyyələr, ümumilikdə həyat səviyyəsinin yaxşılaşdırılmasına geniş imkanlar açır”. Lütfi Zadə ilə bağlı xatirələrindən danışan alim onun hər zaman Bakıya köçmək kimi bir arzusu olduğunu da dilə gətirib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açaraq onun xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacağını bildirib. Mərhum alimin fəlsəfəsinin və nəzəriyyəsinin Azərbaycan elmi qarşısında yeni tədqiqat predmetləri açdığını deyən akademik V nəsil kompüterlərin də məhz bu nəzəriyyə sayəsində yaranmaqda olduğunu qeyd edib.
Sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov da alimin həyat və fəaliyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, onun elmi əsərləri və ideyaları uzunömürlüyü, nəzəriyyələri orijinallığı, inqilabiliyi, nəticələri məntiqiliyi ilə seçilir. Misir Mərdanov Lütfi Zadənin vəfatını həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu söyləyib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək alimin dünya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açıb, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Mərasimdə mərhumun ailəsi adından çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, professor Cənnət Səlimova alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlət başçısına və AMEA rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Sonra alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.
Şərəfli ömür yaşamış dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!