“LG” şirkəti ağcaqanadlardan müdafiə texnologiyasının (Mosquito Away) istifadə olunduğu K7i qeyri-adi smartfonunu təqdim edib. İstehsalçılar bildirirlər ki, smartfon öz sahibini ağcaqanadlardan qoruya bilər.
belta.by saytının məlumatına görə, “Mosquito Away” texnologiyası telefonunun arxa qapağına quraşdırılmış, 30 KHs-dan yuxarı tezlikdə ultrasəs dalğaları yaradan dinamiklərdən ibarətdir. İnsanlar bu səsləri eşidə bilməsə də, ağcaqanadlar onları sevmirlər.
Smartfonun qapağını istəkdən asılı olaraq “Mosquito Away” texnologiyası olmayan adi qapaqla əvəz etmək olar. Hindistanda satışa çıxarılacaq LG K7i-nin dəyəri təxminən 120 dollar təşkil edəcək. Bu yeniliyin digər ölkələrdə də satışa çıxarılıb-çıxarılmayacağı hələ ki, məlum deyil.