Yaponiyada pilotsuz avtobuslar sınaqdan keçirilir 2017-09-20 14:25:00 / MARAQLI MƏLUMATLAR

Yaponiyanın kənd rayonlarından birində Robot Shuttle pilotsuz avtobuslarının sınaqlarına başlanılıb: onlar yaşlı insanları ən yaxın tibbi mərkəzlərə çatdırmaq üçün nəzərdə tutulub.

Tokiodan 115 kilometr məsafədə yerləşən Nisikata qəsəbəsində əhalinin təxminən üçdə biri yaşlı insanlardır. Bu qəsəbənin avtobus və sürücülərinin sayı az olduğundan insanlar lazım olan yerlərə vaxtında çata bilmirlər.

popmech.ru saytının məlumatında bildirilir ki, bu problemin həlli üçün qəsəbədə “DeNA” şirkətinin 6 ay öncə təqdim etdiyi Robot Shuttle pilotsuz avtobuslarının sınaqdan keçirilməsinə başlanılıb. Sentyabrın əvvəllərində baş tutan ilk sınaq zamanı avtobus insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb. 

“Reuters” bildirir ki, pilotsuz avtobus saatda 10 kilometr sürətlə hərəkət edib. Lakin sınaq iştirakçıları onun daha sürətlə –  40 km/saat  hərəkət etməsini istəyirlər. Çünki klinikaya tez çatmaq lazım gələrsə bu sürət kifayət etməyə bilər.

Avtobus müxtəlif yol şəraitində sınaqdan keçirilir. Bundan başqa yol keçərkən insanların avtobusun xəbərdarlıq siqnalına necə reaksiya verdikləri yoxlanılır.

Yaponiya hökuməti sınaqların nəticələrinə əsasən, pilotsuz avtobuslar üçün dayanacaqların avtomagistrallara çevrilməsi haqqında qərar qəbul edəcək. Güman olunur ki, tezliklə yaşlı insanlar mağaza, bank, tibbi müəssisələr və s. yerlərə getmək üçün bu xidmətdən istifadə edə biləcəklər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024