“Firefly” şirkətinin hazırladığı divar üçün ilk güzgü-planşet “Kickstarter” platformasında yerləşdirilib. “Ağıllı” güzgü istifadəçinin səsi, sifəti və jestlərini tanıyır, bir çox proqramları dəstəkləyir və xəbərdarlıqlar göndərə bilir.
“Firefly” iOS və ya Android əməliyyat sistemləri ilə işləyən istənilən planşetin bərkidildiyi aşağı hissə və 65x40 sm ölçülü ikitərəfli güzgü şüşəsindən ibarətdir. Xüsusi emal olunmuş şüşə həmişə kristal kimi təmiz görünür. Güzgü “touchscreen” rolunu oynaya bilmədiyindən onun idarəetməsi Amazon Alexa səsin tanınması texnologiyasına əsaslanır.
techcult.ru saytının məlumatına görə, qadjetin aktivləşdirilməsi üçün “Firefly” sözünü demək və lazımi göstərişləri (hava haqqında məlumat ver, taksi çağır, xəbərləri göstər və s.) vermək kifayətdir.
“Firefly” dəstində bəzi əlavə funksiyalara malik proqram da təqdim ediləcək. Bu funksiyalar “Kickstarter”də layihəni dəstəkləyənlər üçün ödənişsiz olacaq. Güzgü İnternet vasitəsilə yenilənəcək. Beləliklə, qurğunun işləməsi üçün onun alt hissəsinə istənilən planşeti yerləşdirmək kifayətdir.
Cari ilin avqust ayında satışa çıxarılacaq “ağıllı” güzgünün qiyməti 175 ABŞ dolları təşkil edəcək.