“ATi Studios” şirkəti “Google Daydream” platforması üçün səsi tanıya bilən və xarici dil öyrənməyə kömək edəcək “MondlyVR” proqramını hazırlayıb.
popmech.ru saytının məlumatında bildirilir ki, “MondlyVR” xarici dil öyrənən insanlara virtual reallığa yüklənməyə və burada müxtəlif personajlarla danışmağa və onlarla qarşılıqlı təsirdə olmağa imkan verəcək. İstehsalçılar proqramın ən populyar dillərdən (ingilis, yapon, fransız, ispan və s.) başlayaraq, əsasən, yalnız dil daşıyıcıları və linqvistika sahəsinin mütəxəssisləri tərəfindən öyrənilən dillərə qədər (fin, macar) 30 dili dəstəkləyəcəyini bildiriblər.
Şirkətin baş icraçı direktoru Aleks İlieskunun sözlərinə görə, xarici dil öyrənməyin ən yaxşı üsulu həyati ssenarilər və söhbətləri canlandıran virtual reallığa yüklənməkdir. Yeni dildə ünsiyyət zamanı insanlara qorxu və təcrübənin olmaması mane olur. “MondlyVR” xarici dil öyrənənlərə real ünsiyyət vəziyyətlərində özünü rahat hiss etmək imkanı verərək bu baryerləri aşmağa kömək edir.
Həmçinin qeyd edilir ki, yeni dildə söhbətlərə qoşulmağa başlamazdan əvvəl ənənəvi dil öyrənmədə 6 aya qədər zaman tələb olunduğu halda, “MondlyVR” bunu ilk gündən etməyə imkan verir. Proqramın işləməsi üçün virtual reallıq dəbilqəsini taxmaq tələb olunur.