Virtual uşaq yaradılıb 2017-09-12 14:51:00 / MARAQLI MƏLUMATLAR

Yeni Zelandiyalı proqramçı Mark Saqar qızının insanların sorğularına cavab verən 3D-modelini yaradıb. news.rambler.ru saytının məlumatına görə, karyerasını tibbi məqsədlə bədən üzvlərinin modelləşdirilməsi ilə başlayan, “Kinq-Konq” və “Avatar” kimi filmlər üçün CGI qrafika hazırlayan Saqar hazırda süni intellekti “insanlaşdırmağa” çalışır.

“Biz yalnız özü üçün öyrərən yox, həm də dünya ilə qarşılıqlı təsirdə olan sistem yaratmaq niyyətindəyik. Buna görə də mən insan şüurunun kompüter modelinin yaradılması tapşırığını həll etməyə çalışdım”, - deyə Saqar bildirib. “BabyX” layihəsinin əsasında məhz bu ideya dayanır.

Proqramçı “BabyX”in yaradılması üçün 18 aylıq qızının fotoşəkillərindən istifadə edib. Layihənin ilk mərhələsində yalnız kompüterdə mövcud olan virtual uşaq artıq yanında olan insanların hərəkətlərinə reaksiya verə bilirdi. Daha sonra Saqar modelini təkmilləşdirdi. Yalnız başdan ibarət olan 3D-model artıq bədənə də malikdir. Virtual uşaq kresloda əyləşərək fortepianoda ifa edə bilir. İdeyalarını gerçəkləşdirmək üçün “Soul Machines” şirkətini yaradan Mark Saqar “BabyX”i daha da təkmilləşdirməyi planlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024