AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və böyük elmi işçisi Roza Şahverdiyeva Astanada (Qazaxıstan) keçiriləcək Application of Information and Communication Technologies (AICT-2014) - İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VIII Beynəlxalq konfransın işində elmi məruzə ilə çıxış etmək üçün dəvət alıblar.
Cari il oktyabrın 15-dən 17-dək davam edəcək tədbirdə institut əməkdaşlarının həmmüəllifi olduqları “İnnovativ strukturların idarə olunması üzrə informasiya təminatının işlənilməsi”(Development of information support systems for management of innovative structures) mövzusunda məruzə ilə çıxış edəcəkləri gözlənilir.
Qeyd edək ki, konfransda İKT-nin elm və təhsil, idarəetmə, təhlükəsizlik, səhiyyə və s. sahələrdə tətbiqinə dair tədqiqatlar aparan alim və mütəxəssislərin iştirakı nəzərdə tutulub.
AICT-2014 qeyd olunan sahələrdə çalışan və ya təhsil alan şəxslərə öz elmi işlərini geniş auditoriyaya təqdim etmək, mühüm məsələlərin optimal həllini tapmaq imkanı verən akademik konfranslardan biridir.