“Öz-özünü məhv edən elektronika” yaradılıb 2017-09-06 15:06:00 / MARAQLI MƏLUMATLAR

Yeni tətbiq yüksək rütubətli havanın təsiri altında məhv olan elektron qurğuları yaratmağa imkan verəcək.

Fiziki  olaraq daimi mövcud olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək imkanına malikdir. Məsələn, “həll olan” konstruksiyalar ekoloji monitorinq və ya müəyyən orqanlara dərmanların çatdırılması üçün istifadə olunur. Bu kimi qadcetlər adi elektron qurğulara nisbətən daha sürətli dağılır və ətraf mühiti daha az çirkləndirirlər.

ABŞ və Çin alimlər qrupu havanın rütubətliliyinin təsiri altında tez çürüyən (parçalanan) qurğuları təqdim ediblər. Texnologiyasının əsasında polianhidridlər dayanır. Rütubət müəyyən səviyyəyə çatdıqda bu polimerlər otaq temperaturunda dağılırlar.

naked-science.ru saytının məlumatına görə, istehsalçılar tranzistor və elektrik kondensatorlar daxil olmaqla, elektron qurğuların bir neçə növünü sınaqdan keçiriblər. Detalların ayrılması prosesini sürətləndirmək üçün onları bir neçə polimer əsasında yaradılmış nazik təbəqə ilə örtüblər. Havanın rütubətliyi müəyyən səviyyəyə çatdıqda polianhidrid hidrolizi prosesini baş verir. Polimer nazik təbəqə dağılır və korroziya detalın metal komponentlərini məhv edir.

Alimlərin sözlərinə görə, onların tətbiqi elektron qurğuları müəyyən edilmiş “yararlıq müddəti ilə” hazırlamağa imkan verəcək. Polimer təbəqənin tərkibini dəyişdirərək ona nəzarət etmək olar. Bu texnologiya ətraf mühitin çirklənməsi səviyyəsini azaldacaq: cihaz sıradan çıxdıqda və ya sadəcə istifadəsi dayandırıldıqda onu yüksək rütubətli hava şəraitinə yerləşdirib “həll etmək” mümkündür.

Tətbiq haqqında məqalə “Science Advances” jurnalında dərc olunub.

Qeyd edək ki, daha əvvəl “Boeing” şirkəti “avtomatik məhv olan” smartfon hazırlamışdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024