“Sony” şirkəti SF-G UHS-II SD-yaddaş kartlarını təqdim edərək onları “dünyada ən sürətli” adlandırıb. Oxuma və yazma sürəti müvafiq olaraq 300 MB/s və 299MB/s təşkil edir. 32, 64 və 128 QB həcmli kartlar zərbə, temperatur fərqi, su və rentgen şüasının təsirlərinə dözümlü korpusdan ibarət olacaq.
itc.ua saytının məlumatına görə, SF-G standart kartrider (card reader) vasitəsilə fərdi kompüterə qoşulduqda məlumatların ötürülməsinin yüksək göstəricilərini əldə etmək mümkün olmayacaq. Bu səbəbdən Sony USB W — S1 qadcetindən USB 3.1 formatının dəstəyiylə istifadə etmək tövsiyə edilir.
Yeni SD-kartlar yüksək təsvir ölçüsünə malik foto və videoların çəkildiyi texnikalarda tətbiq ediləcək. SF-G UHS-II-nin satışlarına bu ilin martında başlanılacaq. Onun təxmini qiymətinin nə qədər olacağı hələlik məlum deyil.