“Microsoft” şirkəti nitqin tanınması sisteminin işindəki səhvləri 5,1 faizədək azaldaraq yeni rekorda imza atıb. Bundan öncəki göstərici 5,9 faizə bərabər idi.
Yeni texnologiya nitqi peşəkar transkribatorlar (audio və video materialları mətnə tərcümə edən şəxslər) kimi tanıyır. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu, naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.
therunet.com saytının məlumatına görə, ötən illə müqayisədə, nitqin tanınması sisteminin işində dəqiqlik 12 faiz yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. Hazırda sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir.
Qeyd edək ki, “Microsoft”un nitqin tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.