ABŞ fizikləri adi AA-batareyaların enerjisindən istifadə edərək ən sərt arktik temperaturda belə normal temperatura qədər qızmaq imkanına malik nanomaterial yaradıblar. Alimlər ABŞ ordusunun sifarişinə əsasən hazırlanmış bu materialı Vaşinqtonda ABŞ Kimya Cəmiyyətinin illik görüşündə təqdim ediblər.
popmech.ru saytının məlumatına görə, alimlərin hazırladığı pambıq parça nisbətən zəif AA-batareyaları və ya qol saatının qidalanma elementindən istifadə edərək özünü 37 dərəcə Selsiyə qədər cəmi bir dəqiqə ərzində qızdıra bilir. Bu parçadan hazırlanmış əlcəklər yun, dəri və ya sintetik analoqlarına nisbətən çox yüngül və daha incə olacaq ki, bu da əsgərlərə yükləri daha yaxşı daşımağa və döyüşdə özünü daha yaxşı göstərməyə imkan verəcək.
Alimlərin sözlərinə görə, əlcəkdə istifadə olunmuş nanosaplar bir neçə yuyulma və digər ağır mexaniki yüklənmələrə dözümlüdürlər.
Hazırda bu kimi “nanoparçaların” pambıq parçaya nisbətən yüklənməyə daha çox dözümlü olan sintetik analoqlarının hazırlanması üzərində araşdırmalar aparılır.
Gələcəkdə istənilən iqlim şəraitinə uyğun bu kimi parçalardan digər geyimlərin hazırlanması da nəzərdə tutulur. Güman olunur ki, belə parça ABŞ ordusu ilə yanaşı, ekstremal istirahət həvəskarları üçün isti geyim istehsalçıları tərəfindən hazırlana bilər.