“Movidius” şirkəti Neural Compute Stick adlı olduqca maraqlı hesablama modulu təqdim edib. Qurğu USB 3.0 interfeysli brelok formasında hazırlanıb. Bu kiçik qadcet istənilən kompüteri maşın təlimi imkanlarıyla təchiz edə bilər.
Neural Compute Stick-in əsasında Movidius Vision Processing Unit (VPU) hesablama düyünü dayanır. O, İnternetə qoşulmadan məsələləri müstəqil həll edir.
3dnews.ru saytının verdiyi məlumata görə, VPU 1 Vatdan az enerji sərf edir. Bu halda onun məhsuldarlığı 100 qiqaflopsa çatır. Brelokun ölçüləri 72,5×27×14 mm-dir.
Neural Compute Stick breloku süni intellekt sahəsində müəyyən məsələlərin həllində kömək edəcək. Yeniliyin potensial tətbiq sahələrinə intellektual videoizləmə kamerası, ev üçün “ağıllı” məhsul, dronlar və s. aiddir.
Bu gün süni intellekt və maşın təlimi ən əhəmiyyətli tədqiqat sferalarındandır. Ekspertlərin fikrincə, 2020-ci ilə kimi dünyada İnternetə qoşulmaq və öz aralarında məlumat mübadiləsi aparmaq bacarığına malik olan 50 milyarddan çox maşın və qurğu işləyəcək.
Qeyd edək ki, brelokun qiyməti təxminən 80 ABŞ dolları təşkil edir.