AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin digər müvafiq şöbələrlə birgə növbəti elmi seminarı keçirildi. İclas şöbənin dissertantı Roza Şahverdiyevanın “Texnoparkların təşkili və fəaliyyətinin səmərəli idarə olunması üzrə model və metodların işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuşdur. Öncə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev elmi rəhbəri olduğu R.Şahverdiyevanın dissertasiya işi haqqında ətaflı məlumat verdi. Qeyd etdi ki, işin əsas məqsədi informasiya iqtisadiyyatı şəraitində müasir İKT-nin, riyazi metod və modellərin tətbiqiylə innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması proseslərin səmərəliliyini artırmaq istiqamətində model və metodların, alqoritm və mexanizmlərin işlənilməsidir.
Sonra R.Şahverdiyeva dissertasiya mövzusu üzrə məruzəni təqdim edərək dissertasiya işinin fəsilləri, strukturu və həcmi, çap olunmuş elmi əsərlərin sayı haqında geniş məlumat verdi.
O, “Texnoparkların formalaşma tendensiyaları, mərhələləri və müasir xüsusiyyətlərinin təhlili”ndən bəhs edən I fəsildə texnoparkların yaradılması məqsədləri, fəaliyyətinin əsas istiqamətləri, formalaşma mərhələləri, təşkilati formaları, fəaliyyətinin təşkilinin normativ hüquqi aspektləri, formalaşmasının ilkin ictimai-iqtisadi şərtlərinin təhlil olunduğunu diqqətə çatdırdı.
Texnoparklar Assosasiyası və onun məlumatları əsasında həmin elmi parkların qabaqcıl ölkələr üzrə paylanması, fəaliyyət istiqamətləri, təyinatı, məqsəd-vəzifələri haqqında dəqiq təhlillərin aparılması haqqında məlumat verdi. Bildirdi ki, dünyanın inkişaf etmiş ölkə texnoparkları daha çox İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit və ekologiya, səhiyyə, əczaçılıq, enerji, elektronika və s. kimi ixtisaslaşma istiqamətlərinə malikdirlər.
Texnoparklarda innovasiya prosesi və fəaliyyətinin struktur mərhələləri, eləcə də texnoparkların idarə edilməsində mövcud olan ən vacib problemləri diqqətə çatdırdı.
“Texnoparkların yaradılması və fəaliyyətinin effektiv təşkilində innovativ layihələrin seçilməsi və qiymətləndirilməsi modelləri və alqoritmləri” adlanan II fəsildə texnoparkların yaradılması prosesində və fəaliyyətinin təşkilində yerinə yetirilən innovativ layihələrin mahiyyəti, məzmunu, formalaşmasının metodoloji aspektləri, struktur göstəricilərinin müqayisəli şəkildə təhlilinin aparıldığını dedi.
Məruzəçi innovasiya layihələrinin klassifikasiyası, işlənilməsi, yerinə yetirilmə mərhələləri və seçim kriteriyalarının müəyyənləşdirildiyini bildirdi. İnnovasiya layihələrinin seçilməsi üzrə müvafiq modellər, kriteriyaların çəki əmsallarının müəyyənləşdirilməsi və layihənin yekun qiymətləndirilməsi üçün müvafiq alqoritmlərin işlənildiyini diqqətə çatdırdı.
“Texnoparkların fəaliyyətinin effektiv idarə olunması üzrə model və metodların işlənilməsi” adlanan üçüncü fəsildə texnoparkların fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi üzrə təhlil olunan metodoloji yanaşmalar haqqında məlumat verdi. Texnoparkların fəaliyyətinin idarə olunması və onun intellektual idarəetmə sisteminin konseptual struktur modellərinin işlənildiyi diqqətə çatdırdı.
R.Şahverdiyeva texnoparkların effektiv idarə olunması və fəaliyyətinin qiymətləndirilməsi üzrə işlənilmiş göstəricilər və kriteriyalar sistemi, onun əsasında təklif edilmiş texnoparkın informasiya modeli haqqında da məlumat verdi. Onun idarə olunmasının təklif olunmuş ümumi riyazi modeli və innovativ məhsul/xidmət buraxılışının qurulmuş çoxfaktorlu reqressiya modelini diqqətə çatdırdı. Texnoparkın fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indikatorlar sisteminin təklif olunduğu və həmin kompozit indeks əsasında onun kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikasının işlənildiyi bildirdi.
Sonra məruzəçi “Təklif olunmuş metod və modellərin realizasiyası nəticəsində texnoparkların yaradılması və effektiv idarə olunması üzrə tövsiyyələrin işlənilməsi” adlanan dördüncü fəsil haqqında məlumat verdi. Qeyd etdi ki, müxtəlif innovativ layihələrin qymətləndirilməsi üçün istifadə olunan ekspert şkalası təklif olunmuş, texnoparklarda informasiya təminatının təkmilləşdirilməsinin perspektivləri araşdırılmışdır.
O, dissertasiya işinin əsas elmi-nəzəri və praktiki nəticələri haqqında məlumat verərək ümumilikdə 20-dən çox beynəlxalq və respublika səviyyəli elmi konfranslarda müzakirə olunduğunu, mövzu üzrə 20-dən çox elmi işin nəşr edildiyini dedi. Bildirdi ki, məqalələrdən 2-si Web of Science (Thomson Reuters) bazasında, 11-i digər beynəlxalq elmi bazalarda indeksləşdirilmiş, qalanları isə ölkənin AAK-ın tövsiyyə etdiyi jurnallarında nəşr olunmuşdur.
Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. Seminarda göstərilən irad və təkliflər nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması tövsiyə edildi.