AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın kompüter şəbəkələrinin intellektual monitorinqi problemlərinə həsr olunduğunu bildirdi.
Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Kompüter şəbəkələrinin intellektual monitorinqi problemləri üzrə elmi-nəzəri nəticələr” mövzusunda məruzə ilə çıxış etdi. O, öncə məsələnin aktuallığını önə çəkərək kompüter şəbəkələrinin (KŞ) miqyası və istifadə sahəsinin günü-gündən genişləndiyini, bu səbəbdən KŞ-nin daimi monitorinqi və vəziyyətinin dəqiq müəyyən edilməsinin vacib olduğunu diqqətə çatdırdı.
Sonra məruzəçi kompüter şəbəkələrinin intellektual monitorinqi sahəsində problemlərdən söz açdı. Bildirdi ki, buraya KŞ-nin monitorinqinin müasir vəziyyətinin analizi, KŞ-nin intellektual monitorinqi sisteminin strukturunun işlənilməsi, KŞ-nin intellektual monitorinqi arxitekturasının işlənilməsi və s. aiddir. Bildirdi ki, şəbəkə monitorinqi KŞ-nin vəziyyətinə nəzarət etməyə, istifadəçilərin aktivliyinin təhlilinə, şəbəkə protokollarının analizinə və s. imkan verir. O, KŞ-nin monitorinqinin əsasən iki üsulla – aktiv və passiv monitorinq vasitəsilə həyata keçirildiyini qeyd etdi.
R.Şıxəliyev, həmçinin KŞ-nin trafikinin intellektual analizi üçün metod və modellərin işlənilməsi və KŞ-nin monitorinqinin intellektuallaşdırılması üçün metodların işlənilməsinə dair araşdırmaların nəticələrini də təqdim etdi.
Kompüter şəbəkələrinin monitorinqinin optimallaşdırılması ilə bağlı məlumat verən məruzəçi bildirdi ki, əsas məqsəd verilmiş şəbəkə resursları çərçivəsində KŞ qovşaqlarının monitorinqinin optimallaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün pollinq sistemi modelindən istifadə təklif edilmişdir.
O, sonda şəbəkə monitorinqi sahəsində nəşr olunmuş məqalələr, tezislər, jurnallar və konfranslara dair məlumatları diqqətə çatdırdı.
Məruzənin sonunda geniş fikir mübadiləsi aparıldı, bir sıra təklif və tövsiyyələr səsləndirildi.