AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2017-ci il üçün 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Big Data analitika, text mining və elmmetriya istiqamətində tədqiqatların davam etdirildiyini dedi. Bildirdi ki, 6 ay ərzində şöbədə 12 məqalə və 7 konfrans materialı hazırlanmışdır.
Məruzəçi 5-i xarici nəşr olmaqla, 7 jurnalın redaksiya heyətinin üzvü olduğunu, Web of Science (Thomson Reuters) və Scopus (Elsevier) bazalarında indeksləşən jurnallar və konfranslardan göndərilmiş 22 məqaləyə rəy hazırladığını diqqətə çatdırdı.
O, şöbənin elmi-praktiki və innovativ fəaliyyəti çərçivəsində görülən işlərdən də söz açdı. “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” və “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihələrin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyiylə yerinə yetirildiyini bildirdi.
Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti, Malayziyanın Malaya Universiteti və Qazaxıstan İnformasiya və Hesablama Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılmış, 5 məqalə və 1 tezis hazırlanmışdır.
Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə son 5 ildə 1357, ümumilikdə isə 2141 istinad olunmuşdur.
Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.