“Microsoft” şirkətinin təsisçisi, dünya şöhrətli sahibkar Bill Qeyts 1999-cu ildə “Fikir sürətli biznes” (“Business @ the Speed of Thought”) adlı kitab yazmışdır. Kitabda o, texnoloji gələcək haqqında o zaman üçün çox cəsarətli və inanılmaz proqnozlar vermişdir. hightech.fm saytı həmin proqnozlar və onların reallığa çevrilməsi ilə bağlı məlumatları təqdim edib.
Qiymətlərin müqayisəsi üçün saytlar
Proqnoz: “Mağazalarda olan qiymətləri müqayisə etmək üçün avtomatik xidmət yaranacaq. Bu xidmət insanlara fərqli saytlardan qiymətləri görməyə və böyük cəhd göstərmədən sahəsindən asılı olmayaraq ən ucuz məhsulu tapmağa imkan verəcək”.
Hazırda: Bu gün istənilən məhsulu “Google” yaxud “Amazon”dan axtarmaq və eyni malları müxtəlif qiymətlərdə görmək mümkündür. NextTag, PriceGrabber və Яндекс.Маркет kimi resurslar xüsusi olaraq qiymət müqayisəsi üçün nəzərdə tutulub.
Mobil qurğular
Proqnoz: “İnsanlar məkandan asılı olmayaraq bir-birlərilə hər zaman əlaqə sağlamağa və kompüterdən istifadə etməyə imkan verəcək kiçik qurğulara sahib olacaqlar. Onlar xəbərləri oxuya, maliyyə bazarlarından məlumat ala, bir sözlə bu cihazlarla hər bir işi görə biləcəklər”.
Hazırda: Bəli, Bill bu proqnozu ilə smartfonları nəzərdə tuturdu.
Onlayn ödənişlər, bank xidmətləri və onlayn tibb
Proqnoz:“İnsanlar həkimləri ilə əlaqə saxlaya, maliyyə problemlərinin həlli və pul ödənişlərini onlayn həyata keçirə biləcəklər”.
Hazırda: Rusiyada istifadəyə verilən ZocDoc və DocDoc kimi xidmətlər mövcuddur ki, onlar həkim tapmağa, onun haqqında rəyləri öyrənməyə və qəbuluna yazılmağa imkan yaradır. LendingClub kimi saytlarda kreditə pul götürmək və PayPal və ya Venmo vasitəsilə asanlıqla ödəniş etmək mümkündür.
Şəxsi köməkçilər və “Əşyaların İnterneti”
Proqnoz: “Gələcəkdə şəxsi köməkçilər olacaq. Onlar insanın evdə və ya ofisdə olmasından asılı olmayaraq bütün qurğuları birləşdirəcək və məlumat mübadiləsi aparmağa imkan verəcək. Qurğu istifadəçinin e-poçtu və bildirişlərini yoxlayacaq, lazım olan məlumatları ona təqdim edəcək”.
Hazırda: Smartfonda işləyən Google Now adlı “ağıllı” qurğu müasir dövrün şəxsi köməkçisidir. Amazon Alexa, Google Assistent, Siri kimi səs ilə idarə olunan köməkçiləri də buraya aid etmək olar.
Mənzillərin onlayn videomonitorinqi
Proqnoz: “Videonəzarət qurğuları insanlar öz mənzillərində olmadıqda belə evə kimin gəlib-getdiyi haqda məlumat verə biləcəklər”.
Hazırda: “Google” 2014-cü ildə “Dropcam” şirkətini (mənzillərə nəzarət edən kameranın yaradıcısı) 555 milyon dollara satın almışdır. “Ring” şirkəti isə mənzilə kimin gəldiyini onlayn rejimdə göstərən “ağıllı” qapı zəngi üzərində işləyir. Hətta lazer çubuqlarına nəzarət edən PetCube kimi kameralar mövcuddur ki, bu qurğular insan evdə olmayanda onlara öz ev heyvanları ilə oynamağa imkan verir.
Sosial media
Proqnoz: “Şəxsi veb-səhifələr sizin dostlar və ailə üzvləriniz üçün adiləşəcək. Onlar insanlara öz yaxınları ilə yazışmağa və planlar qurmağa imkan verəcək”.
Hazırda: Bu gün bütün dünyada məşhur olan Facebook, Snapchat, Instagram, WhatsApp, Messenger kimi sosial şəbəkələr Qeytsin bu proqnozlarının reallığa çevrildiyini sübut edir.