AMEA Şəki Regional Elmi Mərkəzinin veb-saytının yeni versiyası təqdim olundu 2017-07-03 12:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun mütəxəssisləri, o cümlədən ŞREM-in elmi-katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov və qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhanə Səlimova iştirak edirdilər.

Tədbiri giriş sözü ilə akademik R.Əliquliyev açaraq AMEA rəhbərliyinin regionlarda yerləşən elmi qurumların inkişafına daim diqqət göstərdiyini və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirdi. Alim institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu bildirdi. AMEA prezidenti, akademik Akif Əlizadənin göstərişinə əsasən, ŞREM-in veb-saytının hazırlanmasının da bu istiqamətdə atılmış addımlardan olduğunu vurğuladı.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək mərkəzin “www.shrem.az” veb-saytının təhlükəsizliyi ilə bağlı tələbləri haqqında ətraflı məlumat verdi.

G.Nəbibəyova institutun mütəxəssisləri tərəfindən hazırlanmış veb-saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirdi. Saytın təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu qeyd edən G.Nəbibəyova “www.shrem.az”ın AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini diqqətə çatdırdı.

İnstitutun sektor müdiri Əfruz Qurbanova “www.shrem.az”ın informasiya siyasəti haqqında çıxış etdi. Bildirdi ki, veb-sayt elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır. O, mərkəzin fəaliyyətinin təbliği məqsədilə saytın informasiya təminatının aktual vəziyyətdə saxlanılmasının başlıca şərtlərdən olduğunu nəzərə çatdırdı. Ə.Qurbanova saytın Azərbaycan, rus və ingilis dillərində təqdim olunmasının informasiyanın, əsasən də ölkə elmində əldə olunan nailiyyətlərin geniş oxucu kütləsinə, dünya ictimaiyyətinə çatdırılması baxımından da məqsədəuyğun olduğunu vurğuladı.

İnstitutun proqramçısı Yusif Sadıyev veb-sayt haqqında ətraflı məlumat verərək qeyd etdi ki, veb-saytın proqram təminatı və dizaynı müasir tələblərə uyğun hazırlanmışdır. Saytın Ana səhifəsi “Mərkəz haqqında”, “Xəbərlər”, “Beynəlxalq əməkdaşlıq”, “Elmi fəaliyyət”, “Konfranslar”, “Qalereya” və “Əlaqə” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər mövcuddur.

Sonra çıxış edən ŞREM-in elmi-katibi V.Abdurahmanov qurumun veb-saytının yeni versiyasının yüksək səviyyədə təşkil olunduğunu bildirdi, gələcəkdə də birgə əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə etdi.

ŞREM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri R.Səlimova veb-saytın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə AMEA rəhbərliyi və İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinə təşəkkürünü bildirdi. 

Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024