AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin “Weka” proqram təminatı və onun imkanları” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Elmar Qarayev maşın təlimi alqoritm və metodlarını özündə əks etdirən “Weka”nın funksiyaları haqqında ətraflı məlumat verdi. O, “Weka”da Big Data-nın analizindən istifadə olunduğunu qeyd edərək bu proqram vasitəsilə biznes-analitika, verilənlərin vizuallaşdırılması, verilənlər anbarı üzərində analizin aparılmasının mümkün olduğunu bildirdi.
“Weka”nın biznes-analitika mühitində ən çox istifadə olunan 10 proqramdan biri olduğunu söyləyən E.Qarayev “ARFF” fayl strukturu və onun üstünlükləri barədə də danışdı.
Məruzəçi “Weka” proqram təminatının Java dilində yazılmış proqramlara asanlıqla inteqrasiya olunduğunu bildirdi, bu proqramın verilənlərin intellektual analizi zamanı tətbiq olunduğunu vurğuladı. Həmçinin qeyd etdi ki, Weka-da data-mining-in siniflərə ayırma, klasterləşdirmə, əlaqələndirmə həmçinin verilənlərin ilkin emalı və vizuallaşdırılması məsələlərinə də baxılır.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.