AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. AMEA institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunması, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.
Bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA-nın yeni yaradılmış Biofizika İnstitutunun da AzScienceNet şəbəkəsinə fiber-optik əlaqə vasitəsilə qoşulması təmin olunmuşdur. Qurumda, həmçinin Wi-Fi və EduRoam xidmətlərinin yaradılması işləri həyata keçirilmiş, institutun əməkdaşlarına AzScienceNet vasitəsilə GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) şəbəkəsinin xidmətlərindən istifadə imkanı təqdim edilmişdir.
Qeyd edək ki, GEANT tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin İnternetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.