AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindədoktorant və dissertantlar üçün “İnformatika” fənni üzrə praktik dərs vəsaitinin planının müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirildi.
Öncə çıxış edən Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova bildirdi ki, informasiya texnologiyalarının sürətli inkişafı proqramların daima yeni versiyalarının ortaya çıxmasına səbəb olur. Bu inkişaf Mərkəzdə tədris olunan “İnformatika” fənni üzrə praktik dərs vəsaitlərinin də mütəmadi olaraq yenilənməsini zəruri edir.
R.Mahmudova Mərkəzin əməkdaşları tərəfindən “İnformatika” fənni üzrə yeni dərs vəsaitinin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, vəsait üzrə proqramlar Mərkəzin peşəkar müəllimləri tərəfindən yüksək səviyyədə tədris olunur.
Sonra institutun əməkdaşı Pərvanə Salmanova və institutun böyük elmi işçisi Rəhilə Həsənova çıxış edərək dərs vəsaitinin planına daxil olunan “Windows 10” əməliyyat sistemi, “Microsoft Word 2016”, “Microsoft Excel 2016” və digər proqramlar haqqında ətraflı məlumat verdilər. Həmçinin bu proqramların tədris planlarını nəzərə çatdırdılar.
Sonda seminarda iştirak edən müəllimlər sual və təkliflərini səsləndirdilər. Təkliflər nəzərə alınmaqla, dərs vəsaitinin hazırlanaraq cari ilin sonuna nəşr olunması qərara alındı.