Robotlaşdırma dünya ölkələrinə necə təsir edəcək? 2017-06-01 14:00:00 / MÜHÜM HADİSƏLƏR

Robotexnikanın inkişafı Almaniya və Yaponiyada demoqrafik problemləri həll edəcək.

Almaniya və Yaponiyada yaşlı əhalinin sayının ilbəil artması gələcəkdə bu ölkələrdə işçi qüvvəsinin kəskin çatışmazlığına gətirib çıxara bilər. “Moody”reytinq agentliyinin  ekspertləri əmindirlər ki, robot texnikasının tətbiqi bu problemin həllinə kömək edəcək.

Almaniya və Yaponiyada uzunömürlülük və doğum sayının azalması iqtisadi inkişaf üçün neqativ nəticələrə səbəb olur. Əhalinin 65 yaşdan yuxarı olan hissəsi ildən-ilə artır, işçi qüvvəsinin faizi isə azalır. Lakin hər iki ölkənin iki əsas üstünlüyü vardır ki, onlar  iqtisadi problemlərin həllində böyük rol oynayacaq.  Belə ki, Almaniyada şəxsi istehsal mallarının ixracı ümumi daxili məhsulun üçdə birini təşkil edir.  Yaponiyada bu göstərici 12%-ə bərabərdir. Eyni zamanda hər iki ölkə robotexnika istehsalının tətbiqi üzrə liderlik edir. Məhz istehsalın robotlaşdırılması Almaniya və Yaponiyada malların istehsalı və iqtisadi artım tempini sabit saxlamağa kömək edəcək.

hightech.fm saytının məlumatına görə, ABŞ, Çin və Cənubi Koreya da sənaye robotlarının tətbiqinə görə liderlər siyahısındadır. Hər üç dövlətdə uzunömürlülük artır. Məhz robot texnikasının tətbiqi demoqrafik böhranın mənfi nəticələrini azaldacaq.

Bildirilir ki, yeni bazar şəraitində uduzmuş tərəflər də olacaq. Buraya iqtisadiyyatı yüksək texnologiya mallarının ixracına görə inkişaf etmiş ölkələr daxildir. “Bloomberg” nümunə olaraq Macarıstan, Çexiya və Slovakiyanı göstərib. Belə ki, bu ölkələrdə yüksək texnologiya sahəsində istehsal mallarının ixracı ümumi daxili məhsulun  50%-dən çoxunu təşkil edir.

Robotların kütləvi tətbiqindən əmək haqqının aşağı olduğu ölkələr də zərər çəkəcək. Məsələn, Vyetnam, Malayziya, İndoneziya və Braziliya yüksək risk qrupuna daxildirlər. Taylandda yüksək texnologiya mallarının ixracı ümumi daxili məhsulun 30, Malayziyada 35, Vyetnamda isə 31 faizini təşkil edir.  İxracın əsas hissəsi robot texnikasının ən böyük idxalçısı hesab edilən Çinə “hərəkət edir”.

Robotlaşdırma əhalinin əsas hissəsinin sənaye sektorunda işlədiyi ölkələrə də xeyir gətirməyəcək. “Moody“ analitikləri güman edirlər ki, istehsal prosesləri yüksəktexnologiyalı avadanlıqları olan zavodlarla əvəz ediləcək: “İnkişaf edən iqtisadiyyatlar ixracat bazarında öz payını itirəcək, çünki yeni texnologiyalar istehsal üsulları və ticarət prinsiplərini dəyişdirəcək”, deyə – “Bloomberg” şirkətinin nümayəndəsi bildirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024