Alimlər makaronları “proqramlaşdırmağı” öyrəniblər 2017-05-31 11:00:00 / MÜHÜM HADİSƏLƏR

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri təkcə robot texnikası və elektronika sahəsində deyil, qida sənayesinin müasirləşdirilməsi sahəsində də tətbiqlərin hazırlanması ilə məşğul olurlar. Hesablama texnikası üzrə Assosiasiyanın Denverdə (ABŞ) keçirilən konfransı zamanı “proqramlaşdırmağın” mümkün olduğu yeni növ makaron təqdim olunub. Belə ki, məmulat suya düşən zaman istənilən formanı qəbul etmək imkanına malikdir. 

hi-news.ru saytının məlumatına görə, xüsusi üsulla emal edilmiş yastı tədarükdən spiral, balıqqulağı, ümumiyyətlə istənilən formanı əldə etmək olar. Bu ixtira böyük perspektivə malikdir. Hazırda makaron istehsalı zamanı qablaşdırmanın təxminən 67 faizini hava əhatə edir. Forması dəyişdirilə bilən makaronlardan istifadə istehsal zamanı qablaşdırma və çatdırılma xərclərini azaltmağa, həmçinin hazırlanma prosesində vaxta qənaət etməyə imkan verəcək.

Bu makaronların əsasında jelatinin müxtəlif sıxlıqlı iki qatı dayanır – daha qalın qat rütubəti daha çox özünə çəkir və daha güclü əyilir. Jelatinin üstündən sellülozun rütubəti qəbul etməyən zolaqları yerləşdirilib. Makaronlar 2 dəqiqə ərzində 30 dərəcə C-yə qədər qızdırılmış suda öz formasını dəyişə bilir. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024