Jest dilinin tədrisinə dair beynəlxalq təcrübə araşdırılır 2017-04-04 11:38:39 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin “Jest (işarə) dilinin tədrisi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Mərkəzin əməkdaşı Kəmalə Qurbanova məruzəni təqdim edərək qeyri-verbal kommunikasiya vasitəsi olan jest dilinin tədrisi problemləri, bu sahədə mövcud beynəlxalq təcrübə və s. haqqında ətraflı məlumat verdi.

 

K.Qurbanova bildirdi ki, jest dilini inkişaf etdirərək gələcək nəslə ötürmək məqsədilə bu biliklərin toplanması XVIII əsrdən başlanmışdır. Bu dil Fransada Şarl Mişel De Lepenin, Almaniyada isə Samuel Heynikenin rəhbərliyi altında inkişaf etdirilmişdir. 1770-ci ildə Parisdə eşitmə məhdudiyyətli uşaqlar üçün məktəb fəaliyyət göstərməyə başlamışdır. Şarl Mişel De Lepenin davamçısı Loren Klerkin köməkliyi ilə 1817-ci ildə ABŞ-ın Konnektikud ştatında fransız metodikası əsasında ilk daimi məktəb fəaliyyətə başlamışdır. 1973-cü ildə isə Vaşinqtonda eşitmə məhdudiyyətli insanlar üçün Qallodetin adına ilk universitet açılmışdır.

 

Məruzəçinin sözlərinə görə, 1878-ci ildə Yeni Zelandiyanın Samner şəhərində, 1867-ci ildə isə Kopenhagendə nitq və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün məktəb açılmışdır. VII Ümumdünya Karlar Konqresində jest dili rəsmən qəbul və təsdiq olunmuşdur. Yeni Zelandiya (2006-cı il) və İslandiyada (2011-ci il) jest dili rəsmi dil statusu almışdır.

 

“1951-ci ildə yaradılmış Ümumdünya Karlar Cəmiyyətində 70 milyon eşitmə məhdudiyyətli insanı təmsil edən 132 təşkilat fəaliyyət göstərir və 300-dən çox jest dili qeydiyyatdan keçmişdir. Bu təşkilatın fəaliyyəti nəticəsində sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasına və müxtəlif tədbirlərdə, idman yarışlarında iştirakına imkan yaradılmışdır”, – deyə K.Qurbanova bildirdi.

 

Rusiya Federasiyasında eşitmə məhdudiyyətli insanların problemlərinə xüsusi diqqət yetirildiyini bildirən məruzəçi qeyd etdi ki, Moskvada yerləşən ilk surdopedaqoji məktəb 1860-cı ildə açılmış və burada alman metodikası tətbiq edilmişdir. XX əsrin ikinci yarısından etibarən bütün MDB ölkələrində rus metodikası ilə işləyən məktəblər açılmışdır. Sankt-Peterburqda yerləşən A.İ.Gertsen adına universitetdə eşitmə və nitq məhdudiyyətli insanlar üçün Təsviri İncəsənət fakültəsi fəaliyyət göstərir. Moskva Pedaqoji Dövlət Universiteti, Moskva Dövlət Humanitar Universiteti və Moskva Şəhər Pedaqoji Universitetində Defektologiya fakültəsində surdopedaqogika ixtisası üzrə fənlər tədris olunur.

 

Onun sözlərinə görə, Moskva Şəhər Əhalisinin Əmək və Məşğulluq Departamentində sağlamlıq imkanları məhdud insanların iş yerləri ilə təmin olunması üçün komissiya hər il hesabat verir. Moskva Şəhər yol-nəqliyyat infrastukturu Departamenti tərəfindən metrostansiyalar və avtobus dayanacaqlarının adları jest dilində təqdim olunur, hava limanında xüsusi məlumat xidməti bürosunda isə bu dildə danışan işçilər fəaliyyət göstərir. Moskva Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə müxtəlif intellektual yarışlar, yaradıcılıq festivalları və s. təşkil edilir.

 

K.Qurbanova www.digitgestus.com və www.surdoserver.ru kimi veb-saytlarda jest dilinin onlayn tədris olunduğunu nəzərə çatdırdı. Bildirdi ki, sağlamlıq imkanları məhdud şəxslərin əldə etdiyi nailiyyətlər və qarşılaşdığı problemlər kütləvi informasiya vasitələrində (Məsələn, “Мир Глухих” qəzeti, “DeafmosTV” İnternet televiziyası, www.gluxix.net veb-saytı və s.) daim diqqət mərkəzində saxlanılır.

 

Azərbaycan Karlar Cəmiyyətinin xüsusi dəstək aldığı təşkilatlar haqqında məlumat verən məruzəçi ölkəmizdə eşitmə məhdudiyyətli insanlar üçün ilk məktəbin 1962-ci ildən Bakıda rus metodikasi ilə, kiril əlifbasına uyğun olaraq fəaliyyət göstərdiyini bildirdi. Qeyd etdi ki, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran və s. kimi şəhərlərdə də sağlamlıq imkanları məhdud insanlar üçün xüsusi məktəblər fəaliyyət göstərir. Bu kimi məktəblərdə təhsil alan şagirdlərə ümumi fənlər tədris olunur, onlarla tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Şagirdlərin asudə vaxtlarını keçirməsi üçün açıq idman meydançası vardır, onlara peşəyönümlü (aşbazlıq, toxuculuq, xalçaçılıq və s.) təlimlərin keçirilməsi üçün isə emalatxanalar fəaliyyət göstərir.

 

K.Qurbanova Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsində görmə, nitq və eşitmə qabiliyyəti məhdud insanlar üçün müxtəlif tiflo və surdo filmlərin hazırlandığını diqqətə çatdırdı. Ölkəmizdə eşitmə məhdudiyyətli insanların problemlərindən söz açaraq bildirdi ki, bu sahədə surdopedaqoq ixtisası üzrə kadr hazırlığı, latın qrafikasına uyğun yeni işarə dili əlifbasının işlənməsi, jest dilində kitabların hazırlanması, informasiya proqramları və televiziya verilişlərində surdotərcümənin, eləcə də eşitmə məhdudiyyətli insanların İKT üzrə hazırlığını təmin edən kursların təşkili zəruridir.

 

O, həmçinin surdolimpiya oyunlarında iştirak etmək üçün idmançıların yetişdirilməsi, eşitmə məhdudiyyətli insanlar üçün istirahət və turizmin təşkili, nəqliyyatda xüsusi məlumat xidmətinin fəaliyyət göstərməsi, onların iş yerləri ilə təmin olunması, sosiallaşması üçün şəraitin yaradılması və psixoloji dəstək verilməsinin vacibliyini qeyd etdi.


Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024