AzScienceNet Data Mərkəzində göstərilən xidmətlər elmi fəaliyyətin səmərəli təşkilində mühüm rol oynayır 2015-10-12 12:13:55 / KONFRANSLAR

Xüsusi internet xidməti olan hostinq veb-saytın internetdə yerləşdirilməsi, saxlanılması və istifadəçilər üçün əlyetərliyini təmin edir. Hostinq xidməti göstərilərkən trafik genişliyi, texniki dəstək, yaddaş, təhlükəsizlik, daimi əlyetərli xidmət vacib şərtlərdəndir.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “AzScienceNet Data Mərkəzində hostinq xidmətləri” mövzusuna həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov hostinq xidmətlərinin üstünlüklərindən danışaraq bu xidmətlərin elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin səmərəli təşkilində mühüm rol oynadığını bildirib.

 

AzScienceNet-in şəbəkə administratoru Tural Mustafayev məruzə ilə çıxış edərək AMEA rəhbərliyinin qərarı ilə 2011-ci ildən institutun AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində akademiyanın institut və təşkilatlarına ödənişsiz hostinq xidmətlərinin göstərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yüksəksürətli serverlər və intellektual telekomunikasiya avadanlıqlarına malik AzScienceNet şəbəkəsinin Data Mərkəzi hostinq xidmətlərinin yüksək səviyyədə göstərilməsinə imkan yaradır. Buradakı bütün serverlərdə AMEA-nın institut və təşkilatlarının təhlükəsizliyi məsələləri ciddi nəzarət altındadır.

 

Məruzəçi hostinq xidmətinin növləri, xidmətin aktivləşdirilməsi üçün tələb olunan komponentlər haqqında məlumat verib. Hostinq xidmətlərinin göstərilməsində mövcud problemlərdən danışıb.

 

Sonra suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024