Elm informatikası fənni üzrə distant texnologiyalar əsasında test imtahanlarının təşkili haqqında məruzə dinlənildi 2015-09-18 10:59:07 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının iclasındaElm informatikası fənni üzrə distant texnologiyalar əsasında test imtahanlarının təşkili məsələləri müzakirə olundu. İnstitutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri vəzifəsini icra edən Sabirə Allahverdiyeva TİM-də bu fənnin yeni proqramının təsdiqi haqqında danışaraq bildirdi ki, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) kollegiyasının 25 oktyabr 2002-ci il və 16 dekabr 2002-ci il tarixli qərarları, həmçinin AMEA Rəyasət Heyətinin (RH) 15 yanvar 2003-cü il və AAK RH-nin 16 may 2003-cü il tarixli qərarları ilə AMEA İTİ-də respublika üzrə doktorant və dissertantlardan informatika fənnindən doktorluq imtahanlarının mərkəzləşdirilmiş qaydada qəbul edilməsi xüsusi İmtahan Komissiyasi tərəfindən həyata keçirilir.

 

S.Allahverdiyeva 2003-2015-ci illər ərzində 6036 doktorant və 8494 dissertantın imtahan verdiyini diqqətə çatdırdı. O, həmçinin informatika elminin əsas məzmunu və tərkib elementləri, informasiya prosesləri və onların avtomatlaşdırılması, informatikanın əsasları və onun elm sahəsi kimi inkişafı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsində informatikanın rolu, tətbiqi informatika və elmi-tədqiqatlarda multidissiplinar yanaşma problemləri kimi bir sıra məsələlərə toxundu.

 

Məruzəçi Elm informatikası fənninin yeni proqramının “Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları”, “Kompüter şəbəkələri”, “Verilənlər bazası”, “Ekspert sistemləri. Biliklər bazası”, “İnformasiya cəmiyyətinin əsasları”, “Elektron elm”, “İnformasiya təhlükəsizliyi. Elektron imza”, “Vikipediya və onun imkanları”, “Bibliometriya, Elmmetriya, Vebometriya” və digər bölmələr üzrə tərtib olunduğunu qeyd etdi.

 

S.Allahverdiyeva Elm informatikası fənni üzrə distant texnologiyalar əsasında test imtahanlarının təşkilindən bəhs edərək Prezident İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin qarşısında mühüm vəzifələr qoyulduğunu bildirdi. İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi üçün geniş imkanlar yarandığını, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində işlər aparıldığını nəzərə çatdırdı.

 

Məruzəçinin sözlərinə görə, TİM-də distant dərslər Naxçıvan Muxtar Respublikasında yaşayan doktorant və dissertanlar üçün 2011-ci ildə, Gəncə bölgəsində yaşayan doktorant və dissertanlar üçün isə 2014-cü ildə təşkil olunmuşdur. Distant imtahanların təşkili ilə bağlı institutda işçi qrupu yaradılmışdır. O, həmçinin qeyd etdi ki, TİM-də distant imtahanların keçirilməsi üçün infrastrukturun yaradılması, auditoriyaların təşkili və onların müasir avadanlıqlarla təchiz olunması, təhlükəsizliyin təminatı kimi bir sıra tələblər yerinə yetirilməlidir.

 

Sonra geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020