AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirildi 2015-09-18 10:41:26 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açdı.

 

Akademik R.Əliquliyev ölkədə elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirərək AMEA-nın elmi-tədqiqat institutlarının qarşısına mühüm vəzifələrin qoyulduğunu söylədi. İnstitutda bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərək doktorant və dissertantların qarşısında duran vəzifələrdən söhbət açdı. Bildirdi ki, Azərbaycanda elmi tədqiqatların prioritetlərinin dünya elminin innovativ inkişaf istiqamətlərinə və ölkədə mövcud problemlərin həllinə istiqamətləndirilməsi mühüm amildir. “Bu, müxtəlif elm sahələrinin, o cümlədən elmi-texniki sferanın inkişafı baxımından vacib şərtdir”. O, gənc tədqiqatçıların dövrün tələblərinə cavab verən elmi nəticələrinin populyarlaşdırılmasının vacibliyini vurğuladı. 

 

R.Əliquliyev institutun elmi-tədqiqat, elmi-innovasiya və korporativ fəaliyyətini əks etdirən buklet və kitabçaların hazırlanmasının və müxtəlif dillərə tərcüməsinin zəruriliyi məsələsinə də toxundu. Bu kimi tədbirlərin görülməsinin elmi-tədqiqat müəssisələrinin innovativ fəaliyyətinin beynəlxalq aləmdə təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi.  

 

İclasda institutun Avropa İttifaqının tədqiqat və innovasiya proqramı olan HORIZON 2020-nin qrant layihələrində iştirakına da toxunuldu. Qeyd edək ki, 2014-2020-ci illər üçün nəzərdə tutulmuş proqram çərçivəsində Aİ, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, İKT sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi nəzərdə tutulur.

 

Akademik proqramda beynəlxalq qrant layihələrinin həyata keçirildiyini bildirərək, bu layihələrdə alimlərimizin fəal iştirakının Azərbaycan elminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

 

Tədbirdə həmçinin institutda keçiriləcək elmi-praktiki konfranslar haqqında da məlumat verildi. “E-kitabxanaların formalaşması problemləri”, “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “Sosial medianın formalaşmasının multidissiplinar problemləri” və “E-tibbin formalaşmasının multidissiplinar  problemləri” mövzusunda elmi-praktiki konfransların keçirilməsi ilə bağlı müzakirələr aparıldı.  

 

İclasda institutun illik hesabata hazırlığı, doktorant və dissertantların attestasiyası və digər məsələlərə də baxıldı, təklif və tövsiyələr irəli sürüldü.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020