SCADA sistemlərinin Cloud Computing mühitinə miqrasiyası ilə bağlı mühüm nəticələr əldə edilib 2020-11-12 10:04:00 / YENİ NƏŞRLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “SCADA sistemlərinin Cloud Computing mühitinə miqrasiya məsələləri” (“Migration issues of SCADA systems to the Cloud Computing environment”) adlı məqalə “SOCAR Proceedings” jurnalında çap olunub.

Məqalədə neft-qaz sənayesinin monitorinqi və idarəedilməsində geniş istifadə olunan SCADA (Supervisory Control and Data Acquisition) sistemlərinin Cloud Computing mühitinə miqrasiya edilməsi məsələsinə baxılmışdır. Ənənəvi SCADA sistemləri çox bahalı, qeyri-çevik, miqyaslaşması çətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı problemlər yaranır. SCADA sisteminin tətbiqlərinin bulud mühitinə köçürülməsi xərclərin azaldılmasına, miqyaslaşma imkanlarının yaxşılaşdırılmasına imkan yaradır. Texniki və proqram təminatının alınması, quraşdırılması və saxlanılmasına nisbətən daha aşağı xərclə həyata keçirilir. Məqalədə neft və qaz sənayesində quraşdırılmış obyektlərdən məlumatların asan, təhlükəsiz, etibarlı, sürətli toplanması və emal edilməsi üçün bulud əsaslı SCADA sistemlərindən istifadə olunması təklif olunur.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun rəsmi nəşri olan “SOCAR Proceedings” (Elmi Əsərlər) jurnalı 1930-cu ildən nəşr edilir və neft-qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur. Jurnalda faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı, neft və qaz yataqların işlənməsi, informasiya texnologiyaları və digər sahələrdə məqalələr dərc olunur.

“SOCAR Proceedings” jurnalı “Scopus”, “Emerging Sources Citation Index”, “EI’s Compendex”, “SCImago”, “Inspec”, “RESI” və digər nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşdırılır.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020