İnstitutun magistraturasına qəbulun nəticələri məlum olub 2020-09-14 15:11:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında cari ildə magistraturaya qəbul və tədrisin təşkili məsələsi müzakirə olundu. İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək, 2020-2021-ci tədris ili üzrə magistratura pilləsinə “060509 – Kompüter elmləri” ixtisasının “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması, “060631 – Kompüter mühəndisliyi” ixtisasının “Kompüter mühəndisliyi” ixtisaslaşması, “060632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasının “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri” ixtisaslaşmaları üzrə 5 nəfərin qəbul olunduğunu diqqətə çatdırdı.

O, yeni qəbul olunan magistrantlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, cari ildə Bakı Dövlət Universitetinin bakalavrı Leyla Məmmədova, Milli Aviasiya Akademiyasının bakalavrı Rəşad İbrahimov, Bakı Mühəndislik Universitetinin bakalavrı Fuad Əhmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavrı Qurban Fərəcov və Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavrı Fərid Alışanov qeyd olunan ixtisaslar üzrə institutun magistrantı adını qazanıblar.

F.Yusifov yeni magistrantlara institutun struktur bölmələri ilə yaxından tanış olaraq, müvafiq elmi istiqamət üzrə fəaliyyət göstərən şöbə ilə əməkdaşlıq etməyi tövsiyə etdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-da elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirdi. Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd etdi. AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən alim institutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını söylədi.

“Biz institutda müstəqil Azərbaycanın intellektual ordusunun əsgərlərini yetişdiririk”, – deyə bildirən akademik magistrantlara bu qurumda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə etdi.

R.Əliquliyev AMEA rəhbərliyi, institut və bu qurumun Elmi şurası adından yeni qəbul olunan magistrantları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020