2020-ci ilin I yarısında AzScienceNet şəbəkəsində mühüm işlər görülüb 2020-07-13 12:03:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq iclasın AzScienceNet şəbəkəsinin fəaliyyətində mövcud olan problemlərin həlli, şəbəkədə islahatların aparılması, maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda əməkhaqqı və kadr hazırlığı ilə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet şəbəkəsində 2020-ci ilin I yarısında görülən işlər barədə məlumat verib. Qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm kompüter şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib.

Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində AMEA-nın institut və təşkilatlarının 30 yeni kompüteri AzScienceNet şəbəkəsinə qoşulub, AzScienceNet şəbəkəsinin verilənlərin emal mərkəzində 140 TBayt yaddaşa malik saxlanc yaddaş qurğusu quraşdırılıb. EapConnect layihəsi çərçivəsində telekommunikasiya avadanlıqları alınıb, AzScienceNet şəbəkəsinin və Data Mərkəzin texniki imkanları artırılıb: “AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsinə qoşulması üçün əlavə ehtiyat fiber optik (1 Gbit/san) əlaqə kanalı çəkilib”.

R.Ələkbərov bildirib ki, AzEduNet şəbəkəsi ilə AzScienceNet şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portların aktivləşdirilməsi və xətlərin qeyd edilən portlara qoşulması işləri aparılıb, LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında quraşdırılması işlərinə başlanılıb.

Direktor müavini AzScienceNet elm-kompüter şəbəkəsinin pandemiya müddətində fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institutun əməkdaşlarından ibarət işçi qrupun yaradıldığını vurğulayıb. Qeyd edib ki, işçi qrup bu ilin mart-iyun aylarında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərib.

“İnstitutun əməkdaşları tərəfindən 21 aprel 2020-ci ildə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən videokonfransa texniki dəstək verilib”, - deyə direktor müavini bildirib. Pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda videokonfransların təşkili üçün “Zoom” proqramlarının quraşdırılmasına köməklik göstərildiyini diqqətə çatdırıb.

Sonra R.Ələkbərov AzScienceNet-in infrastrukturunun genişləndirilməsi, texniki imkanlarının artırılması, dayanıqlı işləməsi və təhlükəsizliyi ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, cari ildə maddi-texniki bazanın gücləndirilməsi üçün avadanlıqların və ehtiyat hissələrin alınması, yeni alınan saxlanc qurğusunun tam istismara verilməsi, eləcə də LoLa audio-video sisteminin Naxçıvanda qurularaq istismara verilməsi ilə əlaqəli işlərin davam etdirilməsi nəzərdə tutulub.

Akademik R.Əliquliyev çıxış edərək AzScienceNet şəbəkəsinin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə əhəmiyyətini önə çəkib, onun inkişafı və problemlərinin həllinə diqqət ayırmağın vacibliyini qeyd edib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin  AzScienceNet şəbəkəsinin inkişafına xüsusi önəm verdiyini vurğulayaraq, rəhbərliyin AzScienceNet-in inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində hər bir əməkdaşın iştirak etməli olduğunu söyləyib.

Şəbəkənin kadr təminatı və işçilərin əməkhaqqı məsələsinin institut rəhbərliyinin diqqət mərkəzində olduğunu deyən R.Əliquliyev bu istiqamətdə təcili tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Bildirib ki,  AzScienceNet-in texniki imkanları və infrastrukturunun genişləndirilməsi məqsədilə qısa müddət ərzində şəbəkənin yeni inkişaf konsepsiyası və tədbirlər planı hazırlanmalıdır. Şəbəkə əməkdaşlarının öz elmi fəaliyyətlərini gücləndirməsi və beynəlxalq qrant layihələrdə iştirakı da aktual məsələlərdəndir.

İclasda, həmçinin 2021-ci ildə keçirilməsi nəzərdə tutulan institutun 50, AzScienceNet-in isə 40 illik yubileyi ilə bağlı görüləcək işlər haqqında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020