İnstitutun magistrantları ilə distant görüş keçirilib 2020-05-22 10:00:00 / GÖRÜŞLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının elmi fəaliyyətinin monitorinqi məqsədilə distant görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, eləcə də qurumun magistrantları və elmi rəhbərlər iştirak ediblər.

Öncə 2019-2020-ci tədris ilində I kursda təhsilini davam etdirən magistrantlar distant dərslərdə iştirakları, apardıqları elmi-tədqiqat işləri haqqında məlumat veriblər. Həmçinin ikinci kursda təhsilini davam etdirən magistrantlar elmi fəaliyyətləri barədə danışıblar. Dissertasiya işlərinin tərtibatı, dərsə davamiyyət, tapşırıqların icrası və müdafiəyə hazırlıq məsələləri ətrafında elmi rəhbərlərlə müzakirələr aparıblar. Elmi rəhbərlər dissertasiya mövzuları ətrafında rəy və təkliflərini bildiriblər. 

Akademik Rasim Əliquliyev magistrantlara tövsiyələr verərək gəncləri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb. İnformasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu deyən R.Əliquliyev onlara institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.

Görüşdə tədris ilinin cari ilin iyun ayının 15-nə qədər davam edəcəyi və imtahan sessiyasının 1 ay müddətində nəzərdə tutulduğu qeyd olunub. Eləcə də, II kurs magistantların dissertasiya işlərinin müdafiəsinin cari ilin iyun ayında keçirələcəyi diqqətə çatdırılıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti dayandırılmışdır. Eyni zamanda koronavirusla mübarizə çərçivəsində 2020-ci il mart ayının 24-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edilmişdir.

Bununla əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar üçün dərslər distant qaydada tədris olunur. Hazırda institutun I kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada aparılır və sessiya imtahanlarının keçirilməsi üçün hazırılıq işləri davam etdirilir.

Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (“Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “ İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər magistrant təhsilini davam etdirir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020