Azərbaycan alimlərinin iştirakı ilə hazırlanan məqalə nüfuzlu beynəlxalq jurnalın Top-10 siyahısına düşüb 2020-05-04 19:01:00 / MÜHÜM HADİSƏLƏR

Dünyanın nüfuzlu “Wiley” nəşriyyatına aid olan yüksək impakt-faktorlu (1.43) “Expert Systems” jurnalında çap olunan “COSUM: Text summarization based on clustering and optimization” (“COSUM: mətnin klasterləşdirmə və optimallaşdırma əsasında referatlaşdırılması”) adlı tədqiqat işi (https://doi.org/10.1111/exsy.12340) 2018-2019-cu illərdə dərc edilmiş məqalələr arasında ən çox oxunanlar (ilk 10%) sırasındadır.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, Axen Reyn Vestfal Texniki Universitetinin (RWTH Aachen University) tələbəsi Nicat İsazadə, Malayziya Texnologiya Universitetinin Big Data Mərkəzinin elmi işçisi, fəlsəfə doktoru Asad Abdi və Malaya Universitetinin kompüter elmləri və informasiya texnologiyaları fakültəsinin elmi işçisi Norisma İdrisdir.

Jurnalın redaksiyası tərəfindən müəlliflərin hər birinə sertifikat təqdim olunub. 

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanmış məqalədə mətnlərin avtomatik referatlaşdırılması üçün klasterləşmə və optimallaşdırma metodlarına əsaslanan iki mərhələli cümlə seçimi modeli təklif olunub. Birinci mərhələdə mətndəki bütün mövzuları müəyyən etmək üçün k-means metodu ilə cümlələr klasterləşdirilib. İkinci mərhələdə isə hər bir klasterdən əsas informasiya daşıyıcıları olan, başqa sözlə, klasterlərin semantik məzmununu özündə daşıyan cümlələrin seçilməsi üçün optimallaşdırma modeli təklif olunub. Bu modeldə optimallaşdırılan məqsəd funksiyası iki kriteriyalıdır. Birinci kriteriya funksiyası seçilmiş cümlələrin mövzu əhatəliliyini, ikinci kriteriya funksiyası isə, seçilmiş cümlələrin semantik cəhətdən müxtəlifliyini təmin edir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020