“Mobil hesablama buludları: mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı məqalə nüfuzlu jurnalda dərc olunub 2020-02-19 14:10:00 / YENİ NƏŞRLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun  “Mobil hesablama buludları: mövcud vəziyyəti və inkişaf perspektivləri”  adlı məqaləsi Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin “Телекоммуникации” jurnalında nəşr olunub.

Məqalədə mobil qurğuların resurslarında (enerji sərfiyyatı, emaletmə gücü və yaddaş resurslarında və s.) mövcud olan məhdudiyyətləri aradan qaldırmaq məqsədi ilə yaradılan mobil hesablama buludlarında (MHB) meydana çıxan problemlər və onun həlli yolları analiz edilib. Mobil qurğularda istifadə edilən multimedia proqram tətbiqləri getdikcə daha böyük hesablama və yaddaş resursları tələb edir. Mobil qurğuların mövcud resursları bu tip məsələləri sürətli emal edib istifadəçiyə çatdırmaq üçün hələ də yetərli deyil. Mobil hesablama buludları isə mobil qurğularda yerinə yetirilən proqram əlavələrinin bulud serverlərdə həllini təmin etməklə mobil qurğularda resurs çatışmazlığını aradan qaldırır. Məqalədə Cloudlet əsaslı iyerarxik strukturlu mobil hesablama buludları və Cloudlet əsaslı mobil hesablama texnologiyaları araşdırılıb. Təklif edilən arxitekturanın mobil qurğuların hesablama və yaddaş resurslarına olan tələbatının daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılmasının təmin edilməsi qeyd edilib. Cloudlet əsaslı mobil şəbəkələrdə mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı enerji sərfiyyatının və gecikmələrin eksperimental yolla azalması göstərilib.

DOI: 10.31044 / 1684-2588-2020-0-2-37-47

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020