“EaPConnect” layihəsi Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafına zəmin yaradır 2019-11-13 17:06:00 / KONFRANSLAR

Elmi Şuranın 13 noyabr 2019-cu il tarixində keçirilən iclasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur. 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) hazırlıq işləri haqqında məlumat verdi. Konfransın əhəmiyyətindən söz açan şöbə müdiri, EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağını bildirdi. Qeyd etdi ki, konfransın təşkili, davam edən əməkdaşlıq əlaqələri Azərbaycan elmi ictimaiyyətinin Avropa elmi mühitinə inteqrasiyası üçün yeni imkanlar yaradır.

İclasda B.Nəbiyev 12 sentyabr 2019-cu il tarixində Tbilisi şəhərində Gürcüstanın Tədqiqat və Təhsil Şəbəkəsinin (GRENA) 20 illik yubileyinə həsr olunmuş tədbirdə institutun əməkdaşlarının iştirakı haqqında da məlumat verdi.  Bildirdi ki, yubiley tədbirində ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və AzScienceNet-in administratoru Tural Mustafayev təmsil ediblər. B. Nəbiyev, geniş GEANT ailəsinin üzvlərindən olan AzScienceNet və GRENA-nın demək olar ki, eyni illərdə – ötən əsrin 90-cı illərinin əvvəllərində yarandığını, artıq uzun müddətdir ki, Azərbaycan və Gürcüstan Elm Kompüter Şəbəkələri arasında münasibətlərin yüksələn xətt üzrə davam etdiyini, 2015-ci ildən həyata keçirilən EapConnect (Eastern Partnership Connect) layihəsinin bu münasibətlərin daha da genişlənməsinə zəmin yaratdığını vurğuladı.

Məruzəçi, həmçinin Babək Nəbiyevin və institutun 8 saylı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əlövsət Əliyevin 3 oktyabr 2019-cu il tarixində Kişinyov şəhərində Moldovanın Tədqiqat və Təhsil Şəbəkəsinin (RENAM) 20 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməsindən də danışdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024