Yeni göz implantatı yaşlı insanlarda korluğun qarşısını almağa imkan verəcək 2018-11-01 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Yaşla bağlı makula degenerasiyası yaşlı insanlarda korluğun əmələ gəlməsinin əsas səbəblərindən biridir. Bu, 90 faiz halda görmənin demək olar ki, tamamilə itirilməsi ilə başa çatır. ABŞ alimləri tərəfindən hazırlanmış eksperimental göz implantatı bu problemin qarşısının alınacağına ümid etməyə əsas verir.

techcult.ru saytının məlumatına görə, 12 il əvvəl bu xəstəliyin inkişafını ləngidən “Lucentis” preparatı hazırlanıb. Lakin onun tətbiqi ilə bağlı müəyyən problem mövcud idi: “Lucentis” inyeksiya yolu ilə birbaşa gözə daxil edilirdi ki, bunun üçün də pasiyentlər hər 6-8-ci həftədə oftalmoloq yanına getməli idilər. Effektivlik isə təxminən 50 faiz təşkil edirdi.

Bunu nəzərə alaraq, “Genentech” (San-Fransisko) biotexnologiya şirkəti preparatın gözə xüsusi port vasitəsilə daxil edilməsi sistemini hazırladı. O, düyü dənəsindən azacıq böyük olan qurğu ilə birləşdirilib. Qurğu gözə qalıcı olaraq, implantasiya edilir və ona birləşdirilmiş rezervuardan preparatı gözə tədricən daxil edir. Rezervuarın doldurulması gözün səthində kiçik nöqtə şəklində görülən həmin xüsusi port vasitəsilə həyata keçirilir.

İmplantatın effektivliyi 220 pasiyentin iştirak etdiyi tədqiqat zamanı sınaqdan keçirilib. Həkimlər təsdiq ediblər ki, yeni üsul ənənəvi inyeksiyadan daha effektiv olub. Eyni zamanda pasiyentlər oftalmoloqun yanına preparat ehtiyatının doldurulması üçün 15 ayda 1 dəfə gediblər.

Ümumiyyətlə, bəzi əlavə təsirlərə baxmayaraq, sistem tamamilə təhlükəsiz olduğunu sübut edib. Onun 2-3 il ərzində hər kəs üçün əlçatan olması planlaşdırılır.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017