İnstitutun kollektivi dahi alim Lütfi Zadənin qəbirüstü abidəsini ziyarət edib 2018-09-21 17:00:00 / MÜHÜM HADİSƏLƏR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin qəbirüstü abidəsini ziyarət edib, onun məzarı önünə əklil qoyublar.

Mərasimdə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, dahi alim L.Zadənin 1965-ci ildə təklif etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi bundan öncə klassik riyaziyyatın çoxluqlarla bağlı mövcud olan bütün təriflərini əhatə edərək ümumiləşmiş bir nəzəriyyəni ərsəyə gətirmiş, təbii intellektə yaxın olan qeyri-səlis riyazi aparat təklif etmişdir.

R.Əliquliyevin sözlərinə görə, insan intellekti və təfəkkürünün yeni bir təliminin müəllifi olan Lütfi Zadə öz nəzəriyyəsi və bütövlükdə elmi irsi ilə bəşər tarixində yeni sivilizasiyanın əsasını qoymuşdur: “İllər keçəcək, dahi alimin məzarı ölkə ziyalılarının, sadə insanların, eləcə də dünya alimlərinin ziyarət məkanına çevriləcək”.

Akademik vurğulayıb ki, müvafiq sahənin alimləri Zadə ideyasının həm tədqiqatçısı olmalı, həm də bu dahi azərbaycanlının beynəlxalq aləmdə təbliğ olunmasına öz töhfələrini verməlidirlər.

R.Əliquliyev L.Zadənin zəngin elmi fəaliyyətinin dövlət başçısı İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib.

Qeyd edək ki, L.Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir.

Dünya şöhrətli alim 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat etmişdir. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017