Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının kibertəhlükəsizlik üzrə regional təlimləri keçirilir 2018-09-05 17:20:00 / KONFRANSLAR

Sentyabrın 3-də Bakıda “Excelsior” mehmanxanasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dəstəyi və təşkilatçılığı ilə MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə “ITU Cyber Drill-ALERT” regional təlimlərinə start verilib. Ölkəmizdə ilk dəfə keçirilən bu təlimlərin yerli tərəfdaşı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Tədbir çərçivəsində bu gün kibertəhlükəsizliyin müasir problemlərinin müzakirəsinə həsr olunmuş seminar keçirildi.

Tədbiri giriş nitqi ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə seminarın ölkəmizdə kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş ilk genişmiqyaslı tədbir olduğunu bildirdi, bu kimi təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi. E.Vəlizadə tədbirin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin imkanlarının artırılması üçün məlumat mübadiləsinin aparılması, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələlərin müzakirəsi məqsədi daşıdığını vurğuladı.

O, tədbirdə BTİ-nin üzvü olan MDB regionu ölkələrindən kibertəhlükəsizlik insidentlərinə reaksiya üzrə milli qruplar, kibertəhlükəsizlik ilə bağlı tənzimləyici orqanlar, telekommunikasiya operatorları, avadanlıq istehsalçıları, proqram təminatı tərtibatçıları, elmi-tədqiqat institutları, dövlət qurumları, eləcə də ali və ümumtəhsil müəssisələrinin mütəxəssislərinin iştirak etdiyini diqqətə çatdırdı.

Nazir müavini müxtəlif sessiyalardan ibarət olan 5 günlük təlimlərdə beynəlxalq təşkilatları təmsil edən ekspertlər tərəfindən məruzələrin dinləniləcəyini qeyd etdi.

Kibertəhlükəsizlik məsələlərinin həllinin qlobal xarakter daşıdığını söyləyən məruzəçi ölkəmizdə bu istiqamətdə problemlərin həllinə xüsusi önəm verildiyini diqqətə çatdırdı. “Hazırda ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” işlənilir”,– deyə bildirən E.Vəlizadə bu sahədə fəaliyyət göstərəcək Koordinasiya Komissiyasının yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırdı.

İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı məsələsinə toxunan nazir müavini qeyd etdi ki, bu məqsədlə kompleks tədbirlər həyata keçirilir, bu sahə üzrə fəaliyyət göstərən mütəxəsssislərin qabaqcıl texnologiyalara yiyələnməsi və milli təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə üsullarını mənimsəməsinə imkanlar yaradılır. Onun sözlərinə görə, cari ildə Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul planı 7 dəfə artırılaraq 140 nəfərə çatdırılıb.

Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov hər bir ölkənin texnoloji inkişafının əsas istiqamətlərindən birini kiberməkanın təhlükəsizliyinin təmin olunmasının təşkil etdiyini bildirdi, ölkəmizdə də bu istiqamətdə əhəmiyyətli tədbirlərin görüldüyünü vurğuladı. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin məhz bu problemlərin həllinə yönəldiyini, qurumun kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya etdiyini, eləcə də mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirərək kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin etdiyini nəzərə çatdırdı.

Məruzəçi Azərbaycanda bir neçə CERT mərkəzlərinin mövcud olduğunu bildirərək Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yaradılan, informasiya təhlükəsizliyi risklərinin idarə edilməsini təmin edən AzScienceCERT haqqında məlumat verdi. Qeyd etdi ki, AzScienceCERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında böyük rola malikdir.

Tədbirdə, həmçinin BTİ-nin MDB ölkələri üzrə regional ofisinin proqramçısı Fərid Nəhli, “Cyber Services Plc”nin “Cyber Security Competence Center”in rəhbəri Ksaba Viraq, “Silensec” şirkətinin icraçı direktoru Almerindo Qraziano, “Deloitte” şirkətinin kibertəhlükəsizlik üzrə analitiki Françesko Binaçi və digərləri çıxış edərək öz təcrübələrini bölüşdülər.

Qeyd edək ki, sentyabrın 6-7-də keçiriləcək kibertəlimlərdə mütəxəssislərin bacarıqları 6 müxtəlif ssenari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə test ediləcək ki, bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017