AzScienceNet və AzEduNet şəbəkələri arasında əməkdaşlıq əlaqələri genişləndirilir 2018-07-27 15:43:00 / GÖRÜŞLƏR

Məlumdur ki, 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçirilmişdir. EaPConnect layihəsinin imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək məqsədilə keçirilən toplantıda İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsinə dair təkliflər öz əksini tapmışdır.

Qeyd olunan təkliflərdən irəli gələn məsələlərin müzakirəsi məqsədilə iyunun 27-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) direktoru Natiq Yəhyayev, icraçı direktoru Renat Vitkalov və satış və marketinq üzrə direktoru Fariz Musayev ilə müşavirə keçirildi. Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun baş mütəxəssisləri Babək NəbiyevTural Mustafayev iştirak edirdilər.

Öncə R.Ələkbərov çıxış edərək ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet elm kompüter şəbəkəsinin böyük imkanlara malik olduğunu söylədi, AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir.

Direktor müavini AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd etdi ki, bu məqsədlə institut Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkəsinə qoşulmuşdur: “AzScienceNet ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurmuşdur”.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet və AzEduNet şəbəkələri arasında inteqrasiyanın təmin olunması nəticəsində AR Təhsil Nazirliyinin ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.

Artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu qeyd edən direktor müavini hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini vurğuladı. Alim qeyd olunan işlər çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinə fiber-optik əlaqə kanallarının çəkilməsi, virtual hesablama resurslarının verilməsi, Cloud Computing və digər xidmətlərdən istifadə, GEANT şəbəkəsi daxilində yüksəksürətli İnternetə çıxışın təmin olunması məqsədilə IP-giriş imkanlarının verilməsi istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

Sonra çıxış edən AzEduNet-in icraçı direktoru R.Vitkalov müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğuladı.

O, həmçinin GEANT ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışaraq bildirdi ki, AzScienceNet şəbəkəsi vasitəsilə GEANT-a qoşulma Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasında böyük rola malikdir.

Sonda müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. Yaxın zamanda ali məktəblərin İT-mütəxəssislərinə GEANT şəbəkəsi tərəfindən təqdim olunan xidmətlərdən istifadə qaydalarının izah olunması məqsədilə treninqlərin keçirilməsinə dair razılıq əldə olundu.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017