“Ağıllı” saat insanların həyatını xilas edəcək 2018-07-24 17:09:00 / MARAQLI MƏLUMATLAR

İnsanların həyatını təcili vəziyyətlərdə xilas edəcək “iBeat Heart Watch” adlı “ağıllı” saat satışa çıxarılıb. Qurğunun dəyəri 250 ABŞ dolları təşkil edir.

hi-news.ru saytının məlumatına görə, Rayan Hovardın dostunun yatdığı zaman qəfildən dünyasını dəyişməsi onu bu qurğunu ixtira etməyə sövq edib. Hovardın 3 il ərzində ərsəyə gətirdiyi saat bir saniyədə 100 dəfə insanın ürək döyüntüsü haqqında məlumat toplayır. Əldə olunmuş informasiya süni intellekt vasitəsilə emal edilir. Normadan kənar hal qeydə alındıqda, saat istifadəçini xəbərdar edir. İstifadəçi əhvalı ilə bağlı problemi təsdiq etdikdə və ya 10 saniyə ərzində reaksiya vermədikdə saat təcili yardım xidmətini çağırır və istifadəçinin yaxınlarını xəbərdar edir.

Bundan başqa, saat GPS, mobil şəbəkəyə qoşulma və SOS düyməsi ilə təchiz edilib. SOS düyməsini təcili kömək tələb olunduqda sıxmaq olar. Bundan başqa, qurğu Bluetooth vasitəsilə smartfona qoşulur. Smartfona yüklənmiş proqramda xəstəlik tarixini və digər vacib məlumatları göstərmək olar.

Qeyd etmək lazımdır ki, ürəklə bağlı problemlər yarandıqda 5 dəqiqə ərzində yardımın gəlməsi vacibdir. Lakin təcili yardımın belə qısa vaxt ərzində gəlməyi bəzən mümkün olmur. Buna görə, şirkət növbəti ayda “Heart Hero” mobil proqramını istifadəyə verəcək. O, ən yaxında olan insana təcili köməyə ehtiyac duyan saat sahibi üçün nə edə biləcəyi haqqında xəbərdarlıq edəcək.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017