Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq 2018-05-23 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ-ın Kornel Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyə ərzində enerji ilə doldurmağa imkan verən innovativ akkumulyator nanobatareyası hazırlayıb.

naukatv.ru saytının məlumatına görə, ekspertlər tərəfindən adi batareya elə şəkildə təkrar emal olunub ki, qurğunun daxilində standart elektrodlar əvəzinə, müstəqil yığılan üçölçülü struktur komponentləri bir-birinə keçirilib.

Bildirilir ki, minlərlə məsamə enerjinin saxlanılması və çatdırılması üçün lazım olan elementlərlə doldurulub. Anod rolunu çoxlu məsamələrə malik nazik spiral karbon örtüyü yerinə yetirir. Katod qismində istehsalçılar tərəfindən elektronları sovuran kükürddən istifadə olunub. Kükürd elektrik keçirmədiyinə görə, son olaraq elektrikkeçirici polimerlər əlavə edilib.

Professor Ulrix Viznerin sözlərinə görə, bu, həqiqətən inqilabi batareya quruluşudur. Daxilə nüfuz edən sahə ölçülərinin nanoölçülərədək azaldılması daha yüksək güc səviyyəsini təmin edir. Enerjidən adi batareyada olduğundan daha tez istifadə edərək istənilən qurğunu dərhal enerji ilə doldurmaq mümkündür. Hazırda mütəxəssislər prototipin təkmilləşdirilməsi üzərində çalışırlar.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017