3D-printer insanları evlə təmin edəcək 2018-03-19 12:27:00 / MARAQLI MƏLUMATLAR

ABŞ-ın Texas ştatının Ostin şəhərində keçirilən “SXSW” konfransında 3D-çapın köməyilə betondan tikilən evin modeli təqdim edilib. 60 kvadrat metr sahəyə malik evin çap edilməsi prosesinə təxminən 48 saat sərf olunur. Tikinti üçün 10 000 dollar xərclənir. İstehsalçılar ümid edirlər ki, xərclərin optimallaşdırılması və avtomatlaşdırılmış printerin təkmilləşdirilməsi ilə tikintiyə sərf olunan vaxtı 12-24 saata qədər azaltmaq mümkün olacaq.

hi-tech.mail.ru saytının məlumatına görə, robot-printer avtomatlaşdırılmış layihələndirmə üçün standart proqram təminatının köməyilə yaradılmış çertyojlar üzrə işləyir. Beləliklə, bu evlərin gələcək sahibləri öz şəxsi evlərini yarada və ya hazır olanlardan birini seçə biləcəklər.

Layihə “Icon” tikinti şirkəti və inkişaf edən ölkələrdə evlər inşa etməyə kömək edən “New Story” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçiriləcək. Dünyada 1 milyarddan çox evsiz insan yaşayır. Ucuz və asanlıqla tikilən ev layihəsi onlara ümid vermək üçün nəzərdə tutulub.

Silikon Vadisi tərəfindən maliyyələşdirilən layihəyə cari ildə Salvador şəhərində start veriləcək. Öncə sınaq üçün bir neçə ev tikiləcək. Layihə uğur qazanarsa, belə konstruksiyalar milyonlarla insana kömək edə biləcək. 3D-çap texnologiyası ilə inşa ediləcək evlər ailələrə faizsiz ipoteka ilə 10 il müddətinə aylıq 30 dollar ödəmək şərtilə veriləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024