“Gələcəkdə insan bədənini əvəzləmək mümkün olacaq” 2018-02-05 12:00:00 / MARAQLI MƏLUMATLAR

Robot texnikası üzrə ekspert Kris Middlton “Daily Star Online” saytına müsahibəsində robotlar və süni intellektin insanlara əbədi yaşamağa köməyi barədə söz açıb. Bildirib ki, bu kimi texnologiyalarla məşğul olan şirkətlərin əksəriyyəti yardımçı texnologiyaların insan həyatını yaxşılaşdıracağına inanır.

rambler.ru saytının məlumatına görə, ekspert istənilən şirkət və ya hökumətin insanlar üçün faydanı maksimum səviyyəyə çatdırmaq məqsədilə süni intellekt və robot texnikasından istifadə edə biləcəyini bildirib. Həmçinin qeyd edib ki, texnologiyalar intellektə toxunmadan insan bədənini əvəzləməyə imkan verə bilər.

“50 və ya 100 ildən sonra insan bədənini əvəzləmək mümkün olacaqmı? Mən bunu inkar etmək istəməzdim”, – K.Middlton vurğulayıb. Qeyd edib ki, robotlaşdırma və süni intellektin gələcəkdə böyük rol oynayacağı ilə bağlı geniş yayılmış fikirlərə baxmayaraq bu mülahizələr yalnız proqnozdur.

“Mən robot texnikası və süni intellekt haqqında yazıram, çünki bunun sayəsində bizim cəmiyyəti hansı formada görmək istəyimizlə bağlı vacib məsələlər qaldırılır”, – deyə ekspert əlavə edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024