Robot-xilasedici təqdim olunub 2017-10-05 14:14:00 / MARAQLI MƏLUMATLAR

“Honda” şirkəti humanoid robot-xilasedicinin yeni prototipini (E2-DR) təqdim edib. Onun hündürlüyü 168 sm, bədəninin ən böyük hissəsinin eni isə cəmi 25 sm təşkil edir. Bir neçə kamera ilə təchiz edilmiş robot fırlanan bədənə malikdir ki, bu da ona təhlükəli yerləri tədqiq etməyə kömək edir.

nplus1.ru saytının məlumatına görə, robot-xilasedicinin ilk prototipi olan “Asimo” 2015-ci ildə “Honda” şirkəti tərəfindən təqdim edilmişdi. Mütəxəssislər robota fövqəladə vəziyyətlər zamanı avtomatik sistemlər üçün mürəkkəb tapşırıq olan nərdivana çıxmağı öyrətmişdilər. İndi istehsalçılar robot-xilasedicinin qabiliyyətlərini daha da artırıblar. Belə ki, robot nərdivana çıxmaqdan başqa, adi pilləkənlərlə qalxa, maneələri dəf edə, dar sahələrdən keçə, hamar olmayan səthlər üzərində gəzə, saatda 4 km sürətlə hərəkət edə bilir. O, temperatur dəyişikliklərinə ( -10 və 40 dərəcə) tab gətirir və rütubətə davamlıdır.

Hələ ki, robotun bir çatışmazlığı var: “Yıxıldıqdan sonra sərbəst ayağa qalxa bilərmi?” sualının cavabı məlum deyil. İstehsalçılar robotun tamamlanmaq üzrə olduğunu bildiriblər. “E2-DR”, həmçinin təhlükəli vəziyyətlərdə onu idarə etməyə imkan verəcək xüsusi sistemlə təchiz ediləcək. Robotun son versiyasının nə zaman təqdim ediləcəyi açıqlanmır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024