“Samsung”un süni intellekt laboratoriyası fəaliyyətə başlayıb 2017-10-02 14:15:00 / MARAQLI MƏLUMATLAR

Son zamanlar Kanada süni intellekt sahəsində tədqiqatların mərkəzi hesab olunur. Burada süni intellekt tətbiqləri ilə məşğul olan böyük şirkətlər toplanıb. Bu yaxınlarda “Samsung” şirkəti Kanadada süni intelekt laboratoriyasını istifadəyə verib.

hi-news.ru saytının məlumatına görə, texnologiya nəhənglərinin Kanadada bu sahə üzrə fəaliyyət göstərən mərkəzlər açmasının səbəbi bu dövlətin hər il süni intellekt tətbiqlərinə 125 milyon dollara qədər sərmayə ayırmasıdır. “Samsung”un laboratoriyası Monreal universitetinin yanında yerləşir. Bu, təhsil müəssisəsinin müəllim və tələbələrinin mərkəzdə süni intellektin tədqiqatı məsələlərində fəal iştirak edəcəyini göstərir. Məhz həmin universitetdə “Samsung” korporasiyası ilə uzun illər əməkdaşlıq edən professor Yoşua Bengio fəaliyyət göstərir. Laboratoriya eyni zamanda bir neçə istiqamət (pilotsuz avtomobillər, obrazların tanınması, mətnin və səsin tərcüməsi, həmçinin robot texnikasının inkişafı) üzrə araşdırmaların aparılmasını qarşısına məqsəd qoyur.

Şirkət mütəxəssisləri bildirir ki, mərkəzin ilk süni intellekt “meyvələri” yaxın zamanda təqdim olunacaq. Süni intellektin hazırlanması yüzlərlə mütəxəssisin əməyi və milyonlarla dollar sərmayə hesabına illər ərzində başa gəlir. Heç kimə sirr deyil ki, koreyalılar texnologiyanın zirvəsində olmağa və qərbli rəqiblərindən geri qalmamağa çalışırlar. Səs süni intellekt-assistenti “Bixby” “Samsung”un bu prosesdə fəal iştirak etdiyini bir daha sübut edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024